Azərbaycan Mərkəzi Bankı (AMB) və "Azərbaycan Dəmir Yolları” QSC dəmir yolu nəqliyyatında gediş haqqının bank kartı ilə ödənilməsi üçün layihə həyata keçirir. Qeyd edilir ki, tezliklə dəmir yolu nəqliyyatında bank kartı ilə ödəniş mümkün olacaq.
Bu barədə açıqlama verən nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev dəmir yolu nəqliyyatında bank kartı ilə ödənişin sərnişinlərə daha çox rahatlıq verəcəyini və vaxt itkisini azaldacağını deyib:
"Eyni zamanda əlavə infrastruktura ehtiyac olmadığı üçün dövlət vəsaitlərinə də qənaət etmiş olursunuz. Paytaxtda bilet sisteminin inteqrasiyasını həyata keçirmək daha rahatdır. "BakıKart"da, dəmir yolunda gediş haqqını ödəmək üçün istifadə edilən kartlarda da təmassız bank kartları ilə təxminən eyni texnologiyanı istifadə edir. Texnoloji olaraq bank kartlarından balansı çıxmaq elə də çətin məsələ deyil. Məsələnin yaxşı tərəfi ondan ibarətdir ki, hal-hazırda bir çoxlarında təmassız bank kartları var. Əgər onlar ictimai nəqliyyat istifadəçiləridirlərsə, xüsusi aparatlarda pul yükləmədən çox rahatlıqla həmin kartı vurub keçə biləcəklər.
"Tədricən bu tip sistemə əsaslı keçidi müşahidə edə biləcəyik. Hətta pensiyaçıların kartları da zamanla təmassız texnologiyanı dəstəkləyə bilər"
Əslində bu proses Avropanın bir çox ölkələrində baş verir. Belə ki, Londonda əksəriyyət təxminən bizdəki "BakıKart"ın analoqu olan nəqliyyat kartlarını almır və buna, demək olar ki, ehtiyac da qalmır. Çünki üzərinizdə bank kartı varsa, turniketdən keçərək ictimai nəqliyyatdan istifadə edə bilirsiniz. Bizdə, yəqin ki, müəyyən bir keçid dövrü olacaq. Lakin tədricən bu tip sistemə əsaslı keçidi müşahidə edə biləcəyik. Hətta pensiyaçıların kartları da zamanla təmassız texnologiyanı dəstəkləyə bilər.
Ümumiyyətlə, NFC texnologiyasının böyük potensialı var. Demək olar ki, əksər smartfonlar bu texnologiyanı dəstəkləyir. Bu mənada kartın fiziki olaraq varlığına belə ehtiyac qalmayacaq. Smatfonu turniketə yaxınlaşdırmaqla gediş haqqını ödəyə bələcəksiniz".
Mənbə: finans.az