"Müəllim sinifdə şagirdlər qarşısında oynamayıb. Hətta bunu etsə belə, burada qəbahət yoxdur".
Qaynarinfo xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov müəllimin tədris prosesi ilə bağlı fəaliyyətini yerinə yetirərkən musiqi sədaları altında rəqs etməsi ilə bağlı yayılan videogörüntüdən danışarkən deyib. Onun sözlərinə görə, bu video görüntüdə əslində diqqəti cəlb edən müəllimin haqlı üsyanıdır:
"Bunu müəllim olmayanlar bilməz, anlamaz, başa düşməz. Bilirsiz bir il ərzində müəllim dərs dediyi sinifdə nə qədər KSQ, BSQ, formativ, diaqnostik imtahan keçirir və yoxlayır? Özü də bunu ödənişsiz olaraq edir. Deyəcəksiniz ki, müəllim buna görə əmək haqqı alır. Xeyr, müəllim dediyi dərsə görə əmək haqqı alır. O məktəbdaxili qiymətləndirmə işlərinə görə pul almır. Özü də bunu 1 və ya 2 dəfə 5-10 şagirdə etmir. O testləri hazırlamaq, yoxlamaq, qiymətləndirmək, jurnala yazmaq nə qədər vaxt, əsəb, maddi və mənəvi itiki hesabına başa gəlir. Təhsil Nazirliyi hələ bu KSQ-BSQ-ləri müəyyən qədər sadələşdirib. Amma çıxış yolu bu deyil".
Kamran Əsədov qeyd edib ki, nə qədər ki, vahid KSQ-BSQ bazası olmayacaq, biz hələ çox "oynayan müəllim görəcəyik:
"Cənablar, müəllim sinifdə şagirdlər qarşısında oynamayıb. Hətta bunu etsə belə, burada qəbahət yoxdur. Misal üçün mən, BDU-da dərs deyəndə auditoriyada XVIII-XIX əsr mədəniyyəti mövzusunda saz gətirib dınqıldatmışam (ifa etməyi bilmədiyim üçün). Mən çox sevinirəm ki, belə pozitiv müəllimlərimiz var. Nə qədər çətin olsa da, ətrafına neqativ saçmayan müəllimimiz var".
Bahar Rüstəmli