"Valyuta bazarının canlanması üçün dövriyəyə milli valyuta buraxılmalıdır. İndiki halda həftədə üç dəfə hərracın keçrilməsinə ehtiyac yoxdur".
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında bank üzrə ekspert Əkrəm Həsənov Mərkəzi Bankın valyuta siyasətinə və hərracların sayının azaldılması fikrinə münasibət bildirərkən deyib.
Əkrəm Həsənov bildirib ki, Mərkəzi bankın hərraclarının sayını həftədə 3 dəfədən 2 dəfəyə endirməsi qərarı bəlkə də əsaslıdır: "Amma valyuta bazarının passivləşməsinin təqsirkarı Mərkəzi Bankdır. Valyuta bazarı dövriyədə milli valyutanın azalığına görə passivləşib. Valyuta-alqı satqısı üçün milli vayuta olmalıdır ki, kimsə dollar alsın. Xarici valyutanın alqı-satqısı manatla həyata keçrilir. Dövriyədə manatın həcmi kəskin şəkildə azalıb. Bunun da səbəbi odur ki, Mərkəzi Bank banklara milli valyuta ilə kredit vermir. Pul kütləsini saxlayıb. Amma Mərkəzi Bank o "kran"ı açmalıdır. Çünki ölkə iqtisadiyyatının vəziyyəti pisləşir. Bunun da səbəbi pul kütləsinin kifayət etməməsidir. Valyuta bazarının canlanması üçün dövriyəyə milli valyuta buraxılmalıdır. İndiki halda həftədə üç dəfə hərracın keçrilməsinə ehtiyac yoxdur".

Ekspertin sözlərinə görə, Mərkəzi Bank əslində banklara kredit verməyə qorxur: "Çünki banklar həmin pulla dollar alacaq. Dolları da Mərkəzi Bankdan alacaqları üçün bu da onun ehtiyatlarının azalmasına gətirib çıxaracaq. Bu da nəticə etibarilə milli valyutanın məzənnəsinin aşağı düşməsinə səbəb olacaq. Bu gün hamı təəccüblənir ki, milli valyutanın məzənnəsi 1.51 həddindədir. Bu onun nəticəsidir ki, dövriyədə milli valyuta kütləsi yoxdur. Heç kəs dollar ala bilmir. Bu ona görə baş verir ki, bizim maliyyə sistemimiz nəzarətsiz və çox bərbad vəziyyətdədir".
Əkrəm Həsənov qeyd edib ki, Mərkəzi Bank hər hansı bir banka 50 milyon manat kredit verə bilər: "Ancaq ona nəzarət edə bilmir ki, pul təyinatı üzrə xərclənsin. Çünki banklar özbaşınalığa öyrəşib. Bu bir növ valideynin övladına kitab üçün pul verməsinə bənzəyir. Valideyn pul vermlidi ki, övladı kitab alsın oxusun. Amma bu pulu verməyə qorxur ki, övladı pula kitab deyil, alkaqollu içki alacaq. Bu da o deməkdir ki, valideyn ona pis tərbiyə verib və günah özündədir. Bank sistemi də belədir: Mərkəzi Bank banklara nəzarəti itirdiyi üçün qorxur ki, kreditə verdiyi pul təyinatı üzrə getməyəcək".
Qafqaz Rafiqoğlu
Qaynar.info