
Bazar iqtisadiyyatının prinsipləri ticarətin liberallaşdırılmasını, azad ticarətin formalaşmasını tələb edir. Bu baxımdan məhsulun və xidmətlərin qiyməti (tənzimlənən tariflər və qiymətlər istisna olmaqla) rəqabət şəraitində, tələblə təklif əsasında formalaşmalı və mal satan, iş görən tərəfindən müəyyən edilməlidir.
Lakin ara-sıra mətbuatda gedən yazılardan da görürük ki, hansısa icra strukturu bazarda "süni qiymət artımı" ilə mübarizə tədbirləri həyata keçirir, bazardakı qiymətlərə müdaxilə edir.
Maraqlısı budur ki, dövlət orqanlarının əsasız müdaxiləsi qanunla yolverilməz olduğu halda, icra nümayəndələri bazara sərbəst şəkildə daxil olaraq satıcıya "bu məhsulu bu qiymətə, o məhsulu o qiymətə satmalısan" tələbini qoya bilirlər.
Azad rəqabət şəraitli bazar münasibətlərindən söhbət gedirsə, məhsulun qiymətini bazar özü tənzimləməlidir, yoxsa hansısa dövlət qurumu?
Bununla bağlı "Qaynarinfo"ya danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov heç bir məmurun bazara müdaxilə etmək haqqının olmadığını bildirib:

"Bəli, qeyri-qanuni şəkildə bu işlə məşğul olanlar var. Ümumiyyətlə dövlət bu sahədə yanlış siyasət yeridir. Hansı səlahiyyətlə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı kəndçiyə deyir ki, "sən kartofu bu qiymətə yox, bu qiymətə sat"? Kənd Təsərrüfatı Nazirliyinin vəzifəsi kəndçiyə rasional təsərrüfat qaydalarını öyrətməkdir ki, ölkədə bolluq yaransın. "Süni qiymət artımına qarşı mübarizə" adı altında aparılan tədbirlər bazar iqtisadiyyatına zidd siyasətdir, tamamilə yanlışdır. Əgər dövlət qiymətlərə müdaxilə etmək istəyirsə, o zaman Nazirlər Kabineti qərar qəbul etsin və həmin qərarda da filan məhsulların qiymətinin bu göstərilən həddən yüksək olmaması yazılsın. Ondan sonra bu qərarı kim pozarsa, cəzalandırıla bilər. Lakin belə bir qərar mövcud deyil. Buna görə də heç bir məmurun bazara müdaxilə etmək hüququ yoxdur.

Məmurlar elə bir fikir formalaşdırır ki, guya biznes qurumları qeyri-qanuni şəkildə qiymət artırır və bu yolla vətəndaşları aldadır. Bunlar isə qiymət artımının qarşısını alır, vətəndaşın hüquqlarını qoruyur. Lakin bu, belə deyil. Əslində hökumət öz məsuliyyətini biznes qurumlarının üstünə atır. Düşünürəm ki, hamı əl-ələ verib bazarda bolluq yaradılmasına çalışmalı və hökumət də bəzi malların gömrük rüsumunu azaltmaqla, bəzilərinin qiymətini qaldırmaqla məşğul olmalı, yəni əlində olan imkanlardan istifadə etməli, bu yolla bazarda sabitlik yaratmalıdır".
Ekspert həmçinin ölkə prezidentinin süni qiymət artımına qarşı mübarizə ilə bağlı verdiyi tapşırıqların yanlış şəkildə yerinə yetirildiyini və əslində çox önəmli olan bu işə dövlət qurumlarının kölgə saldığını bildirib:
“Süni qiymət artırılması məsələsinə prezident İlham Əliyev hələ 2011-ci ilin 16 yanvarında Nazirlər Kabinetinin yığıncağında toxunub. Onda cənab prezident qeyt etdi ki, ölkədə kartel sövdələşmələri, yəni qiymətlərdə razılaşdırılma, əmtəə bazarlarında monopoliya, inhisarçılıq var və buna qarşı mübarizə aparmaq lazımdır. Lakin dövlət orqanları ölkə başçısının bu əhəmiyyətli tapşırığını kəndçinin, satıcının başına çəkic vurmaqla həyata keçirirlər. Bu, primitiv yanaşmadır. Bunun qarşısının alınması üçün ölkədə antiinhisar haqqında qanun qəbul olunmalı, mükəmməl istehlakçı siyasəti həyata keçirilməli və hökumət üzünü istehlakçılara tərəf çevirməlidir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bizim bu barədə göndərdiyimiz məktubların heç birini cavablandırmır. Nazirliyin monopoliyanın, karter sövdələşmələrinin qarşısının alınması istiqamətində gördüyü işlərdə böyük qüsurlar var. Mən konkret olaraq misal da çəkmək istəyirəm. 20 gün bundan əvvəl nazirliyə məktub göndərmişik ki, ölkədə geniş yayılmış "Cappuccino" adlı kofe satılır. Bunu qanuni şəkildə gətirən də var və dövlət orqanlarına vergi ödəmədən, mənşəyi məlum məhsulları qaçaqmalçılıq yolu ilə gətirən də. Məlumatda həmin şəxsin telefon nömrəsinə qədər qeyd etmişəm və bazarda anormal vəziyyətin əmələ gəldiyini bildirmişəm. Amma qurumdan bildirilir ki, siz həmin şəxsin işgüzar nüfuzuna zərər yetirirsiniz. Onların işi budur. Görünür, nazirlik özü də qaçaqmalçının tərəfini saxlayır”.
Çingiz Səfərli
Qaynarinfo.Az