"Bu, manipulyasiyadır. Birincisi, 2023-cü ildə nə qədər ailə işğaldan azad olunmuş ərazilərə köçəcək? Bunun bir hesabatı varmı? İşğaldan azad olunan ərazilərə qayıdan 100-200 ailəyə uşaq pulu verməklə hər dəfə bu məsələni dövriyyəyə gətirəcəklər ki, guya, Azərbaycanda uşaq pulu verilir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadi ekspert Vahid Məhərrəmov Milli Məclisin deputatı Zahid Orucun azad olunmuş ərazilərə qayıdan ailələrə uşaqpulu verilməsi ilə bağlı təklifini şərh edərkən bildirib. Ekspert deyir ki, sözügedən təklif əhalini sakitləşdirmək üçün nəzərdə tutulur:
"Biz bu araşdırmanı Zahid Orucdan xeyli əvvəl aprmışdıq. Ölkədə əhalinin təbii artımı kəskin şəkildə aşağı düşüb. Ölüm sayı isə artıb. Bu o deməkdir ki, gələcəkdə əhalinin sayında ciddi azalma müşhidə olunacaq. Belə olan halda əhalinin sayını birdən-birə artırmaq mümkün olmaycaq. Bəri başdan bunun həlli yoları tapılmalıdır”.
Vahid Məhərrəmov ölkədə kifayət qədər maliyyə resurslarının olduğunu vurğulayıb:
"Maliyyə dağılmamalıdır, kimlərsə tərəfindən oğurlanmamalıdır. Bu vəsait yeni nəslin sağlam böyüməsinə, yaxşı təhsil almasına yönəlməlidir. Biz hesab edirik ki, ölkədə uşaq pulu verilməlidir. Hər bir ailədə doğulan uşaq dövlətin vəsaiti altında böyüməlidir. Uşaq pulunun verilməsi mütləqdir. Çünki bu gün dünyaya gələn uşaqlar normal yaşaya, geyinə, qidalana, təhsil ala bilmirlər”.
Qeyd edək ki, Milli Məclisin deputatı Zahid Oruc azad olunmuş ərazilərə qayıdan ailələrə uşaqpulu verilməsi ilə bağlı təklif edib.
Bahar Rüstəmli