Xəbər lenti

Ekspertlər şərh edir: “Mahir bunlara baxsa, Xorvatiyada oynaya bilməyəcək”
İdman12:43 04.02.2022

Ekspertlər şərh edir: “Mahir bunlara baxsa, Xorvatiyada oynaya bilməyəcək”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Millimizin hücumçusu Mahir Emrelinin Zaqreb "Dinamo”suna transfer olunması Azərbaycan futbolu üçün böyük hadisə oldu, deyə bilərik. Bəs Mahir özünü Xorvatiyada hansı şəkildə göstərə bilər? Klubla bağladığı 4,5 illik müqavilə nədən xəbər verir? Avropanın ən yaxşı klublarının birində azərbaycanlı futbolçunun bu qədər müddətdə qala bilməsi mümkündürmü?
Qaynarinfo bu suallara mütəxəssislərdən cavab alıb. 
Şahin Diniyev əvvəlcə Mahiri təbrik etdiyini deyib:
"Bu mübarizədən qalib çıxdı. Çünki "Legiya” ilə onun arasında oan məsələni həll etmək çətin idi. Bu üzdən xeyli vaxt itirdi. Baxmayaraq ki, fərdi şəkildə məşqlər edirdi. "Dinamo”nun heyətinə düşmək üçün böyük cəhd etməlidir. Doğrudan da yaxşı komandadır. Ən əsası da odur ki, Mahir Avropaya çıxmaq baxımından yaxşı şans qazanıb. "Dinamo” konveyerdir. Xarici ölkələrlə konveyer kimi işləyən bir komandadır. Futbolçu satışından böyük gəlirlər əldə edirlər. Onları yetişdirib "Top-5” ölkələrin klublarına satırlar. Bu cür ölkələrə gedənlərin 70-80 faizi "Dinamo”da yetişənlərdir. Mahirin də əlinə gözəl şans düşüb. Hər şeyini futbola verməlidir. Onun belə titullu komandaya keçməsi sevindiricidir. Həm özünə, həm də Azərbaycan futboluna böyük xeyir verəcək. 4,5 illik müqavilə nə deməkdir? Perspektivi olan futbolçuları götürüb gələcəkdə daha yaxşı Avropa komandalarına satmaq məqədi daşıyır. Yəni, uzunmüddətli müqavilə bununla bağlıdır. Mahir elə yaşdadır ki, həm oynaya, inkişaf edə, həm də yaxşı bir vitrində ola biləcək. Perspektivdə ondan da qazanmaq var. Fikrimcə, həm də belə bir məqsəd daşıyır. Mahirin "Legiya”dakı məsələsinə gəlincə, belə hallarda hadisənin sonu qiymətləndirirlir. "Dinamo” olmasaydı, "Legiya” onu buraxmasaydı, hamı deyəcəkdi ki, qalmalıdır. "Legiya”dan daha yaxşı kluba keçibsə, bu addımı atmalı idi. Futbol təkcə texnika, taktika, fizika deyil. Həm də böyük bir motivasiya və psixologiyadır. Güclü texnikası, sürəti olsa belə, psixologiya həmişə onu sıxacaq. Futbol da belədir ki, həmişə qalib gələ bilmirsən. Açığı, həmişə menecerləri qınayırdım ki, Mahirə düzgün yol göstərməyiblər. İndi sözümü geri götürə bilərəm. Bu, çox yaxşı bir addım idi”.
Yunis Hüseynov da fikirlərini ilk növbədə Mahirə uğurlar arzu etməklə başlayıb:
"Keşkə nəinki Mahir, özünü yaxşı tərəfdən göstərən digər futbolçularımız da yaxşı klublarda oynasınlar. Mahirin "Dinamo”ya keçməsinə gəlincə, bildiyiniz kimi, "Legiya”da xoşagəlməz hallar yaşandı. Xorvatiyada Mahirin necə oynayacağını zaman göstərəcək. Fikrimcə, onun "Legiya”dan getməsi düzgün addım idi. Onsuz da Polşada özünü göstərə bilməyəcəkdi. Xorvatiyada belədir ki, öz üzərində işləməsən, heç kim sənin qara qaşına, qara gözünə aşiq olub heyətə buraxmayacaq.  Öz mövqeyində mübarizə aparmalısan. Bunu Mahirdə mənfi cəhət kimi qiymətləndirmək olar. Bərkə-boşa düşməli və əziyyətə dözümlü olmalıdır. Bu davamlı olsa, yaxşı nəticə əldə edə bilər. Belə deyim, orada mentalitetimizdəki kimi davransa, çətin olacaq. Mentalitet deyəndə onu nəzərdə tuturam ki, bizim futbolçularımızda darıxmaq, əziyyətə qatlaşmadan, rahat pul qazanmaq kimi xüsusiyyətlər var. Bu da xarici klublarda alınmır. Əcnəbilər Azərbaycana gələndə elə bir əziyyət çəkmirlər. Xaricdə mübarizə aparmasan, səni heyətə buraxmayacaqlar, hətta oyununu da itirə bilərsən. "Dinamo”da oynamaq həddindən artıq çətin olacaq. Onların azarkeşləri heç də polşalılardan geri qalmırlar. Baxıram, artıq Mahir haqqında azarkeşlər öz fikirlərini yazmağa başlayırlar. O, bunlara baxsa, psixoloji cəhətdən həvəsdən düşsə, Xorvatiyada oynaya bilməyəcək. Heç nəyə baxmadan, oyuna köklənmək, peşəkar davranmaq lazımdır. Məşqçi hər bir yaxşı futbolçuya şans verir. Avropada elə məşqçi yoxdur ki, yaxşı futbolçunu kənarda saxlasın, pisi oynatsın. Mahir özünü göstərsə, daim əsas heyətdə oynayacaq. 
"Dinamo” məsələsi olmasa belə, Mahir "Legiya”dan getməliydi. Çünki orada psixoloji cəhətdən davam gətirə bilməyəcəkdi. "Qalıb oynamalıdır” deyənlər, futbol oynamayanlardır. Çünki futbolçu oynadığı klubda psixoloji təzyiqlərlə üzləşirsə, özünü yaxşı hiss etmirsə, orada oynaya bilməz. Mahirə qarşı azarkeşlər düzgün hərəkət etməmişdi. Mahir getməli idi. Düzdür, belə halla üzləşən bir çox fubolçular olub. Sizinlə razıyam, amma onlar xaricdə oynayan, peşəkar futbolçulardır. Mən bizimkilərdən danışıram. Özümü də həmin futbolçuların qrupuna salıram. Çünki o vaxt mən də daxil, heç birimiz xaricə getmək istəmirdik, əziyyətə dözmürdük. Özümüzü peşəkar futbolçular kimi aparmamışıq. Amma biliyimiz, savadımız, bacarığımız yüksək səviyyədə idi. İnandırım sizi, o vaxt Avropanın ən güclü klublarında oynaya biləcək futbolçularımız vardı. Mentalitet baxımından hazır deyilik, fikirlər dəyişməlidir”.
Səbuhi Həsənov