Xəbər lenti

Elçibəyin ona işgəncə verən milislə bağlı qərarı nə olub? - TARİX
Siyasət 11:20 11.06.2020

Elçibəyin ona işgəncə verən milislə bağlı qərarı nə olub? - TARİX

Sosial medianın Azərbaycan seqmentində eks-prezident Əbülfəz Elçibəyin 1991-ci ilin 23 avqustunda hücuma məruz qalması, başının yarılması müzakirə edilir.  Paytaxtdakı Yasamal hadisəsindən sonra sosial şəbəkələrdə Elçibəylə bağlı həmin tarixi fraqment diskussiya mövzusuna çevrilib.

Polemikalarda qeyd edilir ki, mərhum prezidentin başından yaralanması həmin dövrdə milis əməkdaşlarının işi olub. Lakin dövrün tarixi ilə bağlı fərqli fikir səsləndirənlər də var. Onların sözlərinə görə, Elçibəyi başından yaralayan "Qardaşlıq” adlı kriminal dəstənin üzvləri olublar.

O zaman xalq hərəkatının lideri Elçibəyin başını kimin yardığı kütlə arasında müzakirə olunur, hamının qınadığı o şəxslə bağlı şayiələr yayılırdı. Kimi deyirdi o, mülki şəxsdir, kimi deyirdi məmur...

Mətbuatda getmiş yazılara görə, Elçibəy prezident seçiləndən sonra bir qrup hərbçi qərara alır ki, yığışıb onun qəbuluna getsin. Məqsəd də bir il öncə onun başını yaran OMON-çunu işdən qovdurmaq olub...

Hərbçilər çətinliklə də olsa, Elçibəylə görüşürlər. Məsələni bilən Elçibəy yanına gələn hərbçilərə hirslənir: "Qardaşlar, əsgər əsgəri satmaz, çalışın belə etməyin...” deyib onları yola salır.

Elçibəy yola saldığı hərbçilərə öyüd-nəsihət də verir ki, həmin OMON-çunun adını orda-burda hallandırmasınlar.

Əbülfəz Elçibəy həmin OMON-çunu işdən qovdurmasa da, o, prezidentlikdə gedəndən sonra adam uzun müddət görəvdə qala bilməyib.

Şahidlərin sözlərinə görə, Bakı OMON-unun əməkdaşı olan həmin şəxsi işdə yol verdiyi ciddi nöqsanlara görə öz komandiri qovub...

Deyilənə görə, adamın işi həyatda da düz gətirməyib və sonralar çox pis durumlara düşüb. 

Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov həmin hadisələrin iştirakçılarından olub və özü də avqustun 23-də yaralanıb.

O.Qasımov açıqlamasında 1991-ci ildə baş verən hadisənin təfərrüatını xatırlatdı.

Onun sözlərinə görə, hadisə Nərimanov prospektindəki Xalq Cəbhəsinin qərargahında baş verib. Həmin dövrdə QKÇP qiyamı baş qaldırıb. O.Qasımov qeyd etdi ki, həmin hadisələrə müxtəlif reaksiyalar olmuşdu:

"İlk sərt təpki Xalq Cəbhəsindən olmuşdu və bəyanat verilmişdi, dövlət çevrilişi qınanmışdı. Moskvada da qiyam əleyhinə nümayişlər başlamışdı.

Xalq Cəbhəsi isə həmin dövrdə demokratik hərəkatı dəstəkləyirdi. Mütəllibov isə mitinqlərə maneçilik yaradırdı".

Elçibəyin köməkçisi dedi ki, avqustun 23-də Xalq Cəbhəsinin qərargahına  mülki və milis formalı şəxslər, o cümlədən "Qardaşlıq” təşkilatının üzvləri, bəzi kriminal qruplar hücum ediblər:

""Qardaşlıq” terrorçu cəmiyyət idi. Ölkədə qarşıdurma yaradır, yerli-gəlmə söhbətini qızışdırırdı. Həmin gün tribunaya hücum oldu.

Nəsir Ağayev çıxış edəndə onu yıxdılar, otaqları dağıtdılar. Həmin binanın içində ağır yaralananlardan biri də mən olmuşam.

Elçibəy otaqdan düşəndə əllərində rezin və taxta dəyənəklər olanlar ona hücum etdilər. Elçibəyə ilk zərbəni milis yetirdi və başı iki yerdən yarılmışdı. Hücum edənlər arasında "Qardaşlıq” cəmiyyətinin üzvləri də var idi. Bizimlə bərabər Sabir Rüstəmxanlı, keçmiş nazir Qabil Məmmədov da var idi və onlar işgəncəyə məruz qalmışdılar".

O.Qasımov bildirdi ki, Elçibəyi vuranda daxili orqanlarını zədələməyə çalışırdılar: "Ancaq aksiya iştirakçıları Elçibəyi milisin əlindən alıb uzaqlaşdırıldı. O, bir müddət qardaşının evində müalicə aldı, sonra İsmayıllının Basqal kəndində müalicə olundu”.
 
Mənbə: "Yeni Müsavat”

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->