Xəbər lenti

Elektron müraciət niyə özünü doğrultmadı? - Xəta sistemdədir, yoxsa?
Ölkə14:46 14.07.2016

Elektron müraciət niyə özünü doğrultmadı? - Xəta sistemdədir, yoxsa?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin fevral ayından ünvanlı sosial yardımın verilməsi qaydalarının dəyişdirilməsi bəzi problemlər yaradıb. 

"Qaynarinfo.Az" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ünvanlı dövlət sosial yardımı proqramının  avtomatlaşdırılmış infrastrukturunun yaradılması, Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) tətbiqinə başlanılmasından sonra bəzi ailələr indiyədək aldıqları sosial yardımdan məhrum olub. O cümlədən yeni müraciət edənlərin də əksəriyyəti imtina cavabı alıblar.

İmtina cavabı alanlar elektron ərizədə göstərilən səbəbləri ilə razılaşmıllar. Hətta, bu günlərdə Nazirliyin binası önündə etiraz aksiyası keçirməyə cəhd ediblər.      

Elektron müraciət metodu özünü doğrultmurmu? Əhali niyə narazıdır? İmtina cavabı alanların sayı niyə çoxdur?

Yazımızda bu suallara aydınlıq gətirməyə çalışmışıq. ƏƏSMN ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev müvafiq suallarımıza cava olaraq bildirib ki, elektron müraciətdə imtina cavabı alan şəxsin sualı yaranarsa, nazirliyin 142 -“Çağrı mərkəzi”nə  zəng edərək, sosial təminatla bağlı 1 düyməsini yığmaqla nazirliyin əməkdaşları tərəfindən öz sualının cavablandırılmasına nail ola bilər.

Elman Babayev

Qurum rəsmisinin sözlərinə görə, eyni zamanda vətəndaşın əsaslı narazılığı yaranarsa, nazirliyə yazılı qaydada və ya şifahi müraciət də edə bilər: "Aparılan təhlillər zamanı aydın olur ki, imtina qərarı verilməsi bir çox hallarda məhz vətəndaşların elektron qaydada müraciət zamanı “Ərizə-bəyannamə”ni doldurarkən öz ailə tərkibləri və gəlirləri barədə sistemə düzgün olmayan məlumatlar daxil etmələrindən, real gəlirlərini gizlətmələrindən irəli gəlir. Ölkəmizdə ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi yeni bir sistem olduğundan vətəndaşlara ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina qərarı verildiyi hallarda onların təkrarən elektron müraciət etmələrinə heç bir məhdudiyyət qoyulmur". 

İqtidasi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrul isə vətəndaşların ünvanlı sosial yardımdan məhrum olmasının başqa səbəblərinin olduğunu deyir: "Sosial yardımla bağlı müraciətlər elektronlaşdıqdan sonra, sosial yardım üçün müraciət edən ailələrin gəlirləri və xərclərinə daha güclü nəzarət etmək imkanı yaranıb. Müraciətdən sonra ilkin olaraq aşağıdakılar araşdırılır. Müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində ailənin orta aylıq gəliri, hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda və ya müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə ona soail yardım verilmir. 

Qalib Toğrul

Bunlardan əlavə, əgər ailənin mülkiyyətində maşın varsa və ya ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən (yəni, 13 manat 60 qəpikdən) çoxdursa və ya ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak varsa avtomatik olaraq ailəyə sosial yardım təyin etməkdən imtina verilir. Yuxarıda sadaladıqlarımdan yalnız birinin olması halında sosial yardım verilmir".

Ailənin gəlirlərinin hesablanması qaydasına gəlincə, ekspert deyir ki, yardım üçün müracət edən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır: "Hətta əgər müraciət edənin adına xaricdən pul göndərilibsə, o da gəlir kimi qeydə alınır". 

Ünvanlı sosial yardımın təyin olunması üçün irəli sürülən şərtlər içərisində ən böyük narazılıq torpaq payından əldə olunan gəlirlərlə bağlıdır.

"Bu, Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə  istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir. Bunadan əlavə, həyətyanı torpaq sahəsindən əldə olunan gəlir də hesablanır".

Ekspert vurğulayır ki, bu cür ciddi şərtlər daxilində Azərbaycanda çox az ailə tapıla bilər ki, ona ünvanlı sosial yardım düşsün:"Ona görə də ünvanı sosial yardımın təyin olunmasının elektronlaşması bu sistemdə korrupsiyanın qarşısını almaq əvəzinə onu daha da gücləndirdi".

Qızılgül

Qaynarinfo.Az