Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə ittiham irəli sürülüb. Qaynarinfo.Az xəbər verir ki, sabiq nazir Cinayət Məcələsinin 3 maddəsi ilə ittiham olunur.
Bəs Əli İnsanovu nə qədər həbs gözləyir? Qaynarinfo.Az keçmiş nazirə elan olunmuş maddələri və onlara görə gözlənilən cəzaların müddətini təqdim edir:
234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
315.2 Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
317-2.1 Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır
Qeyd edək ki, Əli İnsanov barəsindən yeni cinayət işi başlanıb. Bu barədə vəkil Toğrul Babayev məlumat verib. Onun sözlərinə görə, dünən axşam saatlarında vəkillərə prokurorluqdan edərək, bu gün sabiq nazirin cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisinə getmələri bildirilib: “Bizə dedilər ki, Əli İnsanov yenidən dindiriləcək. Onun barəsində yeni cinayət işi başlanıb. Hazırda biz müəssisəsinin qarşısındayıq. İçəridə sadəcə Qaradağ rayon prokuroru Natiq Abdullayev var. Bizə hansı maddə ilə yeni ittiham irəli sürüldüyü barədə məlumat verilməyib”.
Sabiq səhiyyə naziri 2005-ci ilin oktyabr ayında həbs olunub. Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb.
Qaynarinfo.Az