"Əlillik dərəcəsi almaq hüququ olan xeyli sayda vətəndaşımız, təəssüf ki, süni maneələr üzündən istəklərinə nail ola bilmirlər”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat qeyd edib ki, əlilliyin təyinatındakı çətinliklərlə bağlı ünvanlanan sorğular onlara ən çox edilən müraciətlər sırasındadır:
"Prosesin elektronlaşmasına baxmayaraq, müraciətlərin böyük əksəriyyətinə imtina cavabı verilir. Belə ki, vətəndaş forma 88 adlı göndərişi elektron sistemə daxil edir və maraqlıdır ki, əksər hallarda vətəndaşın təqdim etdiyi məlumatların doğru olmaması barədə ona bildiriş göndərilir. Parlamentdə təmsil etdiyim Füzuli rayonunda bu ilin 8 ayında uşaqlara əlilliyin təyin edilməsi barədə göndərilən 139 müraciətin 99-na birinci mərhələdə imtina cavabı gəlib. Həmin müddətdə əlillik dərəcəsi almaq istəyən yaşı 18-dən çox olan 152 vətəndaşımızın 116-sı imtina ilə kifayətlənib. Bu, o deməkdir ki, ümumi müraciətlərin 74 faizinə elektron müraciətdən sonra imtina cavabı verilib”.
Vüqar Bayramovun fikrincə, bütün digər rayonlarımızda da oxşar vəziyyətdir:
"Əslində, əlilliyin verilməsi ilə bağlı elektron müraciət heç də kütləvi imtina üzərində qurulmamalıdır. Bizə olan müraciətlər də göstərir ki, əlillik dərəcəsi almaq hüquqi olan xeyli sayda vətəndaşımız, təəssüf ki, süni maneələr səbəbindən bunu ala bilmirlər. Tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirmənin və eləcə də kütləvi imtinanın hansı meyarlar ilə həyata keçirildiyi bəlli deyil”.
Deputat bildirib ki, onlara ünvanlanan sorğuları nəzərə alaraq, o, bu məsələnin araşdırılması və əlillik almaq hüququ olan vətəndaşlara bu imkanların verilməsini təmin edəcək şəffaf və ədalətli mexanizmin formalaşdırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət edib.
Bahar Rüstəmli