Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümü bitdi. Təbii ki, ölkə çempionatı br çox maraqlı məqamlarla yadda qaldı. "Qarabağ” çempion oldu, "Neftçi” ötənilki uğurunu təkrarlaya bilmədi. Artıq klublar yeni mövsümün hazırlıqlarına başlayıb. Azərbaycanın tanınmış veteran futbolçularından olan Asif Əliyev də mövsümü dəyərləndirib.
O, Qaynarinfo-ya müsahibəsində sabiq klubu "Neftçi”nin uğursuzluğuna toxunmaqla yanaşı yığmamızın Millətlər Liqasındakı şanslarını da dəyərləndirib.
"Çempionat normal keçdi. Amma sona yaxın acınacaqlı oyunlar gördük. Elə "Neftçi”ni götürək. Bu klubda canımı qoymuşam. "Neftçi” zəif oyunları ilə adamı elə vəziyyətə saldı ki… Xoşagəlməz hal oldu. Mən bu komandadan ardıcıl 3 oyun məğlubiyyət gözləmirdim. "Oyunçum yoxdur, zədəlidir” kimi sözlər bəhanədir. "Qarabağ”ı dəstəkləyirəm. Həminki komandadır. Qurban müəllim gözəl mütəxəssisdir. Kubokun final oyunu da çox gözəl keçdi. Hərtərəfli, tər-təmiz oyun oldu. Penaltilərdə də "Qarabağ” qələbə qazandı. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram. Növbəti mövsümdə Premyer Liqaya iki komanda - "Turan Tovuz”la "Kəpəz” gələcək. Birinci diviziona da üç klub qoşulacaq. Hamısına uğurlar arzulayıram”.
- Həyatınızı sərf etdiyiniz "Neftçi” ötən il çempion olsa da, bu mövsüm eyni uğuru təkrarlaya bilmədi. Səbəbi nədə görürsünüz?
- Oyunları və komandaya dəvət etdikləri oyunçularla əlaqədardır. Öz hücumçularını Birinci Divizionda oynatdılar. Bir neçəsini komandadan çıxardılar. Bu çox təsir etdi. Bu il dəvət etdikləri legionerlər kimə lazım idi? Keçənilki heyət indikindən bir baş güclü idi. "Qarabağ” da sanki final oynayırdı. "Neftçi” çox zəif təsir bağışladı. İkinci yer mənə ləzzət etmədi.
- Bu gün Samir Abasovun "Neftçi”nin baş məşqçisi postunda qalıb-qalmaması müzakirə olunur. Siz nə düşünürsünüz?
- Özündən, bu il çempionatda gördüyü işlərdən çox şey asılıdır. Konkret deyə bilmərəm ki, getməlidir. Daha yaxşısını gətirəcəklərsə, olsun. Yaxşı futbolçu olub. Millinin heyətində oynayıb.
- Ümumiyyətlə, Abasovu "Neftçi” üçün uğurlu məşqçi sayırsınız?
- Bəli, uğurlu məşqçi idi. Bu adam keçən il çempion olub, indi də ikinci yeri tutub. Məncə, onun qalmasında problem yoxdur. Sadəcə, komandaya ürəyəyatan oyunçular almadılar. "Zirə”yə, "Sumqayıt”a qarşı oynaya bilmədilər.
- Bu gün klubda hansı dəyişikliklərə ehtiyac var?
- Oyunçu məsələsinə baxmalıdırlar, güclü dəyişikliklər etməlidirlər.
- Abasov hər dəfə mətbuata açıqlamasında rəhbərliyin onun isədiyi futbolçuları almamasından şikayətlənirdi. Sizcə "Neftçi”nin uğursuzluğunda rəhbərliyin günahı var?
- Məşqçi belə deyirsə, əlbəttə, rəhbərlikdə də günah ola bilər. Məşqçi istədiyi futbolçuları ala bilməyibsə, yəqin ki, səbəb bu olub. Bəlkə də istədiyi oyunçuları alsaydılar, belə olmazdı. Deyə bilmərəm "Neftçi”nin daha yaxşı futbolçular almaq üçün büdcəsi vardı ya yox. Amma belə oyunçulardansa, daha yaxşısını alasaydılar, uğurlu çıxış edərdilər. Braziliyadan futbolçu gətirmişdilər - "77 nömrə”ni (Gilyermo Pato - red.) deyirəm. Onun oyununa, diskinə baxmamışdılar? Yarımçıq adamı "Neftçi”yə gətiriblər. "Neftçi”nin adı-sanı var, küçə komandası deyil. Onun qaçışını görürdünüz? Nə futbol oynayırdı ki? Özümüzünkülər kənarda qalıb, belələrini meydana buraxırlar. Ufadan gələn Azər Əliyev Rusiyada "dağıdırdı”. Burda nə oldu ona? O, nə futbolçudu, necə hücumçudu? Gül kimi hücumçu vardı - Mirabdulla Abbasov. Niyə onu "öldürürlər”? Milliyə də dəvət almışdı. İndi baxıram, heç tərpənə bilmir.
- Bu gün Samir Abasov postundan getsə, onun yerində əcnəbi, yoxsa yerli məşqçi görmək istərdiniz?
- Azərbaycanda da yaxşı məşqçilər var. Məsələn, Tərlan Əhmədovu, Əsgər Abdullayevi götürək. Özümüzünkü olsun, mən belə istəyərdim. Xaricdən gətirirlər, çoxlu pul verirlər, sabah çempionat bitəndə də çantasını yığıb gedir.
- Viktor Qonçarenkonun adı "Neftçi” ilə hallanır…
- Bilirəm, bizimlə eyni vaxtda futbol oynayıb. Tanıyıram, amma haqqında çox məlumatım yoxdur. Heç nə deyə bilmərəm. Mən özümüzünküləri məsləhət görürəm.
- Digər klublarımızdan sizi təəccübləndirən oldu?
- "Sabah” xoşuma gəldi. Murad Musayev baş məşqçi olandan sonra çox gözəl oynamağa başladılar. Pis məşqçi deyil. Mövsümün sonuna yaxın nə oldusa zəiflədilər. "Sumqayıt” hamını təəccübləndirdi. Keçən il kubokun finalında oynamışdılar. Bilmirəm nə üçünsə, bu il çox zəif çıxş etdilər. Aleksey Baqa siz deyən, elə də güclü məşqçi deyil. Heyfim gəldi "Sumqayıt”la "Sabah”a.
- Ötən mövsümlə müqayisədə, bu il irəliləyiş, yoxsa geriləmə müşahidə etdiniz?
- Geriləmə oldu. Keçən mövsüm çox gözəl keçdi. Yaxşı oyunlar vardı. Tamaşaçılar gəlib-gedirdi. Bu il zəif oldu. Futbolçularımız üzə çıxmır. 15-16 yaşından sonra hamısı dağılışıb gedir. Yeişdirə bilmirlər, ya nədisə… "Sabah” yaxşı idi, gəncləri hazırlayır. Ötən il Mahmud Qurbanovun rəhbərlik etdiyi "Neftçi”nin əvəzedicilərində çox yaxşı futbolçular vardı. Keçən il çempion olmuşdular, bu dəfə 5-ci yeri tutdular. Yaxşı məşq keçmirlərmi, akademiyalar işləmirmi, ya nədirsə bilmirəm. Bu il heç bir aşağı yaş qrupları çempion ola bilmədi. "Neftçi”nin məşqçisi İslam Kərimovun komandalarından bir neçəsi hər il çempion olurdu. Hələ çempionat davam edir, amma İslamın çempion olacağı gözlənilmir.
- İcraiyyə Komitəsinin son iclasında limit və əvəzetmə məsələsi ilə bağlı qəbul olunan qərarlara münasibətiniz necədir?
- Əvəzetmələrlə bağlı deyə bilərəm ki, xaricdə də belədir. 5 nəfər bizim üçün lap əla oldu. Çünki futbolçularımız kənarda qalır. Əvəzetmə az olanda hamısı şans qazana bilmir.
- Limitin 7+4 olmasının mənfi və ya müsbət tərəfləri hansılardır?
- Belə dəyişiklik ediblərsə, faydası ola bilər. 5 əvəzetmə ilə birlikdə lap əla oldu. Bizim üçün normaldır. Düşünürəm ki, növbəti çempionatımız daha yaxşı olar. Klublara maddi dəstək verirlər. Millimiz üçün də yaxşı olar. Kənarda qalan futbolçulara yol açılar. Hamı qələbə qazamaq istəyir. 3 əvəzetmə olanda komandalar meydana ancaq legioner buraxırdı.
- "Turan Tovuz”la "Kəpəz” gəldi, amma görünür ki, iddialı olmayacaqlar. Bu çempionatımıza necə təsir edə bilər?
- Məncə, onların hamısına eyni gözlə baxırlar. Gəncədə həmişə yaxşı futbol olub. Tovuzdan, Gəncədən həmişə "Neftçi”yə futbolçular dəvət alıb. Hamısına maliyyə dəstəyi ayırıblar ki, komandalar yaxşı çıxış etsinlər.
- Yığmamızın şanslarını necə dəyərləndirirsiniz?
- Qazaxıstanla oyundan heç-heçə gözləyirəm. Futbolçuların bəziləri çempionat bitəndən sonra oynamayıblar. Heyətin xeyli hissəsi "Qarabağ”ın oyunçularından ibarətdir.
- Millətlər Liqasında yığmamızın şanslarını necə dəyərləndirirsiniz?
- Hansısa nəticə verəcəklərinə inanmım yoxdur. Amma futboldur, hər şey gözləmək olar. İstərdim ki, yaxşı olsun. Bu qədər əziyyət çəkdiyimiz bəsdir. Komandamız parıldamalıdır. Nə qədər məğlubiyyət olar?
- Yığmamızda hansı dəyişikliyə ehtiyac görürsünüz?
- Həmişə xarici baş məşqçi gətiriblər. Amma heç biri uğurlu olmayıb. Canni De Byazi, ümumiyyətlə, 1 xalla heç xoşagələn nəticə göstərmədi. Həmişə üzümüz danlanır. Əsgər Abdullayevin, Şakir Qəribovun vaxtında yığmamız necə idi? Yenə də uğurlar arzulayıram.
- AFFA-nın yerli məşqçilərə güvənməməsinin səbəbi nədir?
- Nədənsə güvənmirlər. Amma bilmirəm nə üçün. Pis futbolçular olmayıb. Niyə onları istəmirlər, anlamıram. O vaxt komandamız güclü idi. İsveçrə kimi rəqiblərlə başabaş oynayırdıq. Fransada 0:10 hesabı ilə məğlub olandan sonra əcnəbilərə üstünlük verdilər. Əcnəbilərə o boyda milyonlar xərcləyirlər, amma ortada heç nə yoxdur. Həmin pulun 5-10 faizni yerlilərə versələr, onlar işləyər. Nəticə verə bilməyən məşqçiləri xaricdən niyə gətirilər? Kimə lazımdır?
Səbuhi Həsənov