Ekonomiks 17:50 29.01.2021

“Elman Rüstəmov elə danışır, sanki özəl şirkət prezidentidir” - Ekspert

"Elman Rüstəmov özəl şirkətin prezidenti kimi danışıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Mərkəzi Bankın sədri Elman Rüstəmovun cəmiyyətdə böyük qalmaqala səbəb olan bank binasının öz vəsaitləri hesabına tikiləcəyi ilə bağlı açıqlamasına aydınlıq gətirərkən deyib. Ekspertin fikrincə, yeni inzibati binanın tikintisi üçün layihədə göstərilən 218 milyon avro, (təxminən 435 milyon manat) Elman Rüstəmovun şəxsi vəsaiti deyil: 
 
"Yəni, özəl şirkətlərin prezidentləri belə məsələlərlə fəxr edə bilərlər ki, yaxşı işləyiblər, nəsə istehsal ediblər, satıblar, dünya bazarına çıxıblar, pul qazanıblar. Öz vəsaiti hesabına tikmək nə deməkdir? Mərkəzi Bankın vəsaiti nə deməkdir? Mərkəzi Bank ayrıca bir kommersiya qurumu deyil ki, hardasa kənarda pul qazansın. Mərkəzi Bankın əldə etdiyi vəsait dövlətin vəsaitidir. Çünki Azərbaycan Respublikasının Mərkəzi Bankıdır. Ona görə fərqi nədir ki, Mərkəzi Bank vəsaiti büdcədənmi alsın, yoxsa büdcəyə ötürülməli olduğu vəsaitə özünə bina tiksin. Bina olmasaydı, Mərkəzi Bank 450 milyon vəsaiti büdcəyə ötürəcəkdi. Bu, bir də deyirəm, Elman Rüstəmovun şəxsi vəsaiti deyil. Dövlətin vəsaiti tək büdcədə deyil. Mərkəzi Bankın ehtiyyatlarında, Dövlət Neft Fondunda və s. Ona görə bu açıqlamanı məntiqdən kənar hesab edirəm”.

Natiq Cəfərli bildirib ki, keçən il vəsaitin daha az olmasının səbəbi Mərkəzi Bankın dövriyyədən qazandığı vəsaitlərin həcminin az olmasıdır:

"Mərkəzi Bank əsasən iki mənbədən pul qazana bilir. Bir uçot dərəcəsi səviyyəsində, yaxud da ondan aşağı hansısa bir kredit əməliyyatları həyata keçirir. Yəni, banklara və yaxud da dövlət şirkətlərinə kredit verir və onun üzərinə gələn kiçik faiz hesabına pul qazanır. Yaxud da Neft Fondunun vəsaitini Mərkəzi Bank vasitəsi ilə hərraclarda satır. Və oradan hərraclarda əməliyyat xərcləri ilə bağlı müəyyən gəlir əldə edir. Ya da Neft Fondunun banklara sata bilmədiyi dolları Mərkəzi Bank öz manat hesabından alır və Mərkəzi Bankın valyuta ehtiyyatlarının artımına xərcləyir. Ona görə də 2020-ci ildə  əməliyyatlar pandemiya ilə əlaqədar dar çərçivəli idi. Həm kredit əməliyyatları az, həm neftin qiyməti çox oynaq idi, qiymətlərin dəyişməsi yolu ilə əlavə qazanc əldə etmək mümkün olmadı. Neft Fondu da elə nəzərdə tutduğu qədər  vəsait satdı. Ona görə də əlavə vəsaitlərin alınması üçün Mərkəzi Banka ehtiyac duyulmadı. Yəni, ona görə pandemiya ilə əlaqəli kredit aktivliyinin azalması nəticəsində Mərkəzi Bankın əməliyyat gəlirləri də daha az oldu”.  

Qeyd edək ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov rəhbərlik etdiyi qurum üçün tikiləcək inzibati binanın qiymətiylə bağlı gedən müzakirələrə münasibət bildirib. 

E. Rüstəmov Mərkəzi Bankın öz vəsaitləri hesabına tikiləcəyini bildirib: "MB büdcədən heç bir vəsait almır. Son 3 ildə dövlət büdcəsinə 7,8 milyardlıq manat vəsait köçürüb. Cari ildə 250 milyon pul köçürməyi planlaşdırılır. Binanın tikintisi 4-5 il çəkəcək”.

Bahar Rüstəmli