Xəbər lenti

Elmar Baxşıyev: “Qarabağ”la “Qəbələ”ni yan-yana qoymaq düzgün deyil”
İdman 09:08 17.05.2022

Elmar Baxşıyev: “Qarabağ”la “Qəbələ”ni yan-yana qoymaq düzgün deyil”

Cari mövsümdə heyətlə bağlı bir sıra problemlərlə, maliyyə sıxıntıları ilə üzləşməsinə baxmayaraq, "Qəbələ”nin çıxışını uğurlu hesab etmək olar. Hər halda komanda ötən turda "Şamaxı” üzərində qazandığı qələbə ilə Konfrans Liqasına vəsiqəni təmin etdi. Bəs bundan sonrası necə olacaq? Sözügedən liqada daha uğurlu olmaq üçün baş məşqçi Elmar Baxşıyevin hansı fikirləri var?
 
O, Qaynarinfo-ya müsahibəsində sualları belə cavablandırdı:

- Mövsümü necə dəyərləndirirsiniz?

- Müsbət tərəflər çox oldu. Komanda meydançada istədiyimizi verməyə çalışırdı. Enişlər də oldu, bunun səbəbləri vardı. Bəzi futbolçular ya zədələnirdi, ya da sarı vərəqə limitinə görə oyunu buraxmalı olurdular. Bir dönəm oldu ki, sıxıntı yaşadıq. Amma klub kimi daha yaxşı nəticə qazanacağımıza inanırdıq. 
 
- Mövsüm boyu heyətlə bağlı problemlər sizi izlədi. Formalaşdırdığınız komanda özünü nə dərəcədə doğrulda bildi? Hədəfləriniz bu idi?
 
- Yığdığımız heyət bizə ilk gündən daha yaxşı nəticələr qazanmağa qadir olduğunu göstərirdi. Bunu görürdük. Təsadüf deyil, bizdən yuxarı pillələrdə olan rəqiblərlə başabaş oynayırdıq. Mövsümün əvvəlində kasad heyət yığmağımız büdcə ilə bağlı idi. Büdcəni aşa bilmirdik. Ancaq yaxşı kollektiv yarada bildik. Daha yaxşı olmaq, inkişaf etmək istəyiriksə, heyət genişlənməlidir. 
 
- Son turda "Sabah”ı qəbul edəcəksiniz. Nəticədən asılı olmayaraq, Avrokuboklarda iştirakı təmin etdiyiniz üçün, psixoloji baxımdan bu oyuna komandanı hazırlamaqda çətinliklərlə üzləşə bilərsiniz. Bu barədə nə düşünürsünüz? Heyətdə "çamadan” əhval-ruhiyyəsində olanar var?
 
- Xeyr, nəzər yetirsəz, görərsiniz ki, mövsümün əvvəlində, ortasında, sonunda da komanda meydanda hər şeyini ortaya qoymağa çalışırdı. İnanmıram ki, belə əhval-ruhiyyə olsun. Çempionatda sona kimi əzmkarlıq göstərib, mövsümü layiqli şəkildə başa vurmaq istəyirik. 
 
- Klubun prezidenti Fariz Nəcəfov bizə müsahibəsində demişdi ki, klubun büdcəsi stabil deyil, qeyri-müəyyəndir. Yəni büdcədə ciddi dəyişiklik olmaya da bilər. Bu halda "Qəbələ”ni nə gözləyəcək? Narahatlığınız var?
 
- Narahatlıq deyəndə, əsas kollektivi qoruyub saxlamağı və yeni oyunçular cəlb etməyi daha məqsədəuyğun sayıram. Əlbəttə, müəyyən büdcəmiz var. Mövsüm ərzində çətinliklər görmüşük. Məncə, "Qəbələ” inkişaf etmək üçün bir addım da atacaq.
 
- Avropa səviyyəli turnirdə iştirak edəcəyiniz üçün heyətlə bağlı ciddi dəyişikliklərə ehtiyac duyursuz?
 
- Əlbəttə, bunu nəzərə alıb daha geniş heyət olmasını istəyirəm. Yeni futbolçuların cəlb olunması mütləqdir. 
 
- Bununla bağlı rəhbərliklə müzakirələr aparmısınız?
 
- Müəyyən danışıqlar olub. Amma mövsümün sonunu gözləyirdik ki, nədən başlayacağımızı dəqiqləşdirək. 
 
- İlk dəfə Konfrans Liqasında mübarizə aparacaqsınız. Buna qədər komanda ancaq Avroliqada çıxış edib. Ümumiyyətlə, Konfrans Liqası haqda düşüncələriniz necədir?
 
- "Qəbələ” qrupda oynayan komandadır. Turnirin adı dəyişsə də, ümumilikdə avrokubokdur. Komandamız üçün yeni turnirdir. Çalışacağıq ki, yeni komanda formalaşdırıb turnirdə layiqli çıxış edək. 
 
- Konfrans Liqası Avropanın üçüncü dərcəli liqası sayılır. Burda "Qəbələ”nin şanslarının daha çox olacağı ilə bağlı nəsə fikir irəli sürmək mümkündür? "Qarabağ” da Konfrans Liqasına vəsiqə qazananda eyni fikirlər səsləndirilirdi.
 
- Hələ belə fikir irəli sürmək tezdir. Yenə də heyətə əl gəzdirib, daha iddialı olmağa çalışacağıq. Gəlin özümüzü aldatmayaq. "Qarabağ”la "Qəbələ”ni yan-yana qoymaq bir qədər düzgün deyil. Əlbəttə, əlavə oyunçular olacaqsa, laqyiqli çıxış edə biləcəyimizi düşünürəm. 
 
- Akademiyadan heyətə yeni futbolçular cəlb etmisinizmi?
 
- Son oyunlarımızda akademiyanın 2-3 futbolçusu oynayırdı. Ehtiyat oyunçular skamyasında da otururdular. Avrokuboklarda oynayıb-oynamamaları özlərindən asılıdır. Kim daha çox hazırlıqlı olacaqsa, o da şans qazanacaq.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->