
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. XİN-in mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə görüş əsnasında ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsində parlamentlərarası əlaqələrin mühüm əhəmiyyətə malik olduğu qeyd edilib.
Trans-Adriatik boru xətti layihəsinin həyata keçirilməsinin Albaniya və ümumiyyətlə, region üçün mühüm əhəmiyyət daşıdığı və qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar açdığı vurğulanıb. Tirana Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Memorandumun imzalanmasının ölkələrimiz arasında təhsil və humanitar sahələrdə əməkdaşlıq üçün mühüm addım olduğu bildirilib. Görüş əsnasında turizm, infrastruktur, sərmayələr və müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləs aparılıb.
Elmar Məmmədyarov dünən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib. Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.
XİN başçısı həmçinin Litvanın xarici işlər naziri Linas Linkeviçiusun başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib. Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu və əsas beynəlxalq məsələlər üzrə ölkələrimizin mövqeyinin yaxın olduğunu qeyd edərək, iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. İki ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən litvalı nazir ölkəmizin Litvanın Cənubi Qafqaz regionda üzrə əsas ticarət tərəfdaşı olduğunu diqqətə çatdırıb. O, bu səfər çərçivəsində Azərbaycan ilə Litva arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın dördüncü iclasının keçirilməsinin məmnunluq doğurduğunu bildirib.
Avropa İttifaqı ilə əməkdaşlıq və Şərq Tərəfaşlığı proqramına toxunan Linas Linkeviçius ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb. Elmar Məmmədyarov Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesinin cari durumu haqqında məlumat verərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.
Qaynar.info