
Rioda keçirilən Yay Olimpiya Oyunları davam edir.
Qaynarinfo.Az xəbər verir ki, cüdo üzrə yarışlarda Azərbaycan yığmasının üzvü Elmar Qasımov ilk görüşünə çıxıb.
100 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Olimpiadaya 1/16 final mərhələsindən başlayıb. Təmsilçimizin ilk rəqibi Olimpiya çempionu Tahir Xaybullayev olub. Elmar Qasımov rusiyalı rəqibinə heç bir şans verməyib.
Həmyerlimiz 1/8 finalda əlcəzairli Lyes Bouyakubla üz-üzə gəlib. Görüşdə hər iki idmançı bir vazari xalı qazansa da, Elmarın şidosunun rəqibindən az olması (1:2) ona qələbə gətirib.
Təmsilçimiz 1/4 finala yüksəlib. Ona yarımfinala çıxmaq üçün misirli idmançı Dərviş Ramazandan üstün olmağa cəmi 54 saniyə bəs edib. İpponla qələbə qazanan Elmar finalın biraddımlığındadır.
Təmsilçimizin final yolundakı rəqibi ukraynalı Artyom Bloşenko olacaq. Görüş Bakı vaxtı ilə saat 23:12-də start götürəcək.
Qeyd edək ki, Azərbaycan Rioda 6 cüdoçu ilə təmsil olunur. Rüstəm Orucov (73 kq) ölkəmizə gümüş medal qazandırdığı halda, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Məmmədəli Mehdiyev (90 kq) yarışı medalsız başa vurub.
Qaynarinfo.Az