Elşad Abdullayev 5 milyon dollarlıq video yayacaq. Qaynar.info xəbər verir ki, bu barədə "Yeni Müsavat" qəzetinə E.Abdullayevin işini araşdıran bloqqer Elnur Məcidli məlumat verib.
O bildirib ki, həmin şəxs bu pulu universitetin bağlanmaması üçün Elşad Abdullayevdən istəyib: “Məsələn, bizdə bir nəfərin videosu var. O videodakı adam Elşad Abdullayevdən universitetə görə 5 milyon dollar istəyir. Həmin video Elşad Abdullayevin evində çəkilib. ABU-nun bağlanma səbəblərindən biri kimi guya oradan metro xəttinin keçəcəyi göstərilirdi. Amma həmin videodakı adam xəritəni göstərib deyir ki, metro universitetdən 65 metr qıraqdan keçir”.
E.Məcidlinin sözlərinə görə, növbəti video həmin faktla bağlı ola bilər: “Hazırda 5 milyon dollar istəyən şəxsin videosu üzərində işləyirik. Müstəqil İstintaq Komissiyasından da rəy öyrənəndən sonra konkret addım atacağıq. Sadəcə bildirmək istəyirik ki, belə addımlar bizi çəkindirmir. Elşad Abdullayevin ilk gündən məqsədi qardaşının tapılması olub və addımlarını da buna müvafiq atır. Onun qarşısına bu cür sədlər qoyan adamlar başa düşməlidir ki, o, mübarizəsində axıra qədər gedəcək. May ayından etibarən tamamən yeni xətt üzrə mübarizəyə başlayacağıq. İndidən o xətti açıqlayıb qarşı tərəfin hazırlaşmasına şərait yaratmaq istəmirik”.
Qaynar.info