"İşdən çıxarılan hər bir işçinin təzminat tələb etmək hüququ var”.
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov Azərbaycanda Əmək qanunvericiliyinin pozulmasından danışarkən deyib.
Ekspert Azərbaycanın mövcud Əmək Məcəlləsinin SSRİ-dən qaldığını bildirib:
"Düzdür, 1990-cı ildə qanuna yenidən baxılıb, amma SSRİ dövründə olan məcəllə yenidən təsdiqlənib. Guya, işçiləri müdafiə edir, amma əslində tam əksidir. Qanun nə işçini, nə də işəgötürəni müdafiə edir, işəgötürənə boşluqlardan istifadə etməyə imkanlar yaradır”.
Vəkil Həsənov işçilərin qəbul olunan saatdan çox işlədilməsinin Azərbaycanda böyük problem olduğunu vurğulayıb:
"Bununla bağlı faktlar var. Amma bu faktların üzə çıxarılmasının özü çətindir. Əgər bu faktlar üzə çıxarsa, işəgötürəni inzibati qaydada cərimələmək olar, işçi məhkəmə qaydasında əlavə saatlara görə ikiqat məbləğdə əməkhaqqı ala bilər. Amma bu faktların üzə çıxması üçün işçi təşəbbüs göstərməlidir. İşçi məhkəməyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etməlidir. İşçilər bunu etmir, çünki iş yerini itirməkdən qorxurlar. Yaxud da bunu işdən çıxandan sonra edirlər, o da effet vermir. Sübut etmək çətin olur, həm də ödənişi tələb etməyin müddəti bir ildir".
Vəkil əlavə edib ki, bununla bağlı işçilər arasında təbliğat aparılmalıdır:
"Son illərdə əmək müqaviləsi bağlanılır. Amma bu məsələlərdə sosial reklam yoxdur. Təbliğat aparılmalıdır ki, işçi huquqlarını bilsin, anlasın ki, onu heç kəs normadan artıq işlədə bilməz. Bunlar izah olunmalıdır. İnsanlar bu hüquqlarını bilmir. İkincisi, inkişaf etmiş ölkələrdə bu hüquqları həmkarlar ittifaqları müdafiə edir. Bizdə isə Həmkarlar İttifaql formal bir qurumdur. Bizdə bu quruma 30 ildən artıqdır ki, Səttar Mehpalıyev adlı deputat rəhbərlik edir. Heç bir əməli fəaliyyəti də yoxdur, yalnız işçilərin maaşından haqq tuturlar, sonra da o pulu hara xərcləyirlər, bilinmir. Heç bir şəffaflığı da yoxdur, bilinmir ki, o pul hara gedir. Həmkarlar İttifaqını həqiqətən müstəqil və işçilərin hüquqlarını müdafiə edən quruma çevirmək lazımdır”.
Əkrəm Həsənov vurğulayıb ki, qanunun özündə tənzimlənmə daha sərt olmalıdır:
"Qanunda bir il müddət göstərilir. Amma bu 5-10 il göstərilisn ki, işdən çıxarılan şəxs həmin müddətdə haqqını bərpa edə bilsin. Belə olarsa rəhbər şəxs işçinin hüquqlarını pozmaqdan çəkinər”.
Bahar Rüstəmli