
Bildiyiniz kimi, "Qarabağ" yaxınlarda qapıçı Emil Balayevi sıralarına qatdı. Rusiyanın Volqoqrad şəhərində doğulsa da, 9 yaşında öz istəyi ilə "Neftçi"nin aşağı yaş qruplarından ibarət komandalarına yazılan Emilin doğma klubuna yox, əzəli rəqibi "Qarabağ"a keçməsi sual doğurdu. Halbuki 22 yaşlı qapıçının Almaniyanın "Ayntraxt" (Frankfurt) klubundan qayıdarkən "Neftçi"yə qayıdacağı güman edilirdi.
Qaynarinfo.Az bu müəmmalı keçidin pərdəarxası məqamlarını müəyyən edə bilib.
Sən demə, Emil hələ "Ayntraxt"da olarkən "Neftçi" bu qapıçını gətirmək istəyirmiş. Bu, ötən ilin yayında olub. "Neftçi" tərəfi güman edirdi ki, "Ayntraxt"a pulsuz buraxdıqları bu qapıçı əks marşruta da eyni tərzdə, yəni pulsuz qaytarılacaq. Klub gümanlarında yanılıb. Qapıçının almanlarla müqaviləsi olduğundan, birbaşa futbolçu ilə yox, "Ayntraxt" klubu ilə əlaqə saxlamaq "Neftçi" rəsmilərinə məsləhət görülüb (əslində Emilin özü də ötən il nəinki "Neftçi"yə, heç Azərbaycana qayıtmaq istəmirdi - red.).
O vaxt transfer məsələləri ilə "Neftçi"nin sabiq icraçı direktoru Elnur Məmmədov məşğul olurdu. Elnur Məmmədovun isə transfer məsələlərində naşı olduğu kluba "sırıdılan" futbolçuların səviyyələrindən bəllidir. Məhz bunun nəticəsidir ki, "Neftçi" hər 6 aydan bir aldığı legionerləri geri göndərməyə çalışır.
Əlqərəz, Elnur Məmmədov "Ayntraxt"ın Emili pulsuz buraxmayacağını müəyyənləşdirdikdən sonra başqa qapıçı axtarışlarına start verib. Nəticədə Polşada çıxış edən slovakiyalı Mixal Peşkoviç komandaya transfer olunur. Əslində isə gəncləşdirmədən danışan "Neftçi" rəsmilərinin bu yaşda qapıçı almaları gülünc addım idi. "Neftçi"də cəmi 2 matça çıxan, Aqil Məmmədovun "kölgəsində yatan" və çıxdığı matçlarda da səhvlər edən bu qapıçı 6 aydan sonra komandadan göndərilir.
Məhz rədd cavabı verilməsi, "Neftçi"ni "Ayntraxt" üzərinə göndərməsi ilə Emil Balayevlə sabiq klubu arasında soyuqluq yaranır. Emil "Ayntraxt"dan ayrıldıqdan sonra "Neftçi"də formasını bərpa etmək üçün məşq keçmək istədiyini bildirir. Həmin vaxt hələ Elnur Məmmədov postundan qovulmamışdı. Almaniyada olan söhbətlərə görə ona klubun qapıları bağlı olur.
Belədə Emil Balayev "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan məşq etmək üçün ona "Azərsun Arena"da şərait yaradılmasını xahiş edir. Qurbanov bu təklifə "hə" cavabı verir. Bir müddət bu klubda məşq keçdikdən sonra Qurbanov ona müqavilə təklif edir. Baxmayaraq ki, "Qarabağ"da Emilə qədər daha 4 qapıçı vardı. Təsadüfi deyil ki, açıqlamasında da Balayev Qurban Qurbanova onu komandasına götürdüyü üçün təşəkkürünü bildirir.
Qaynarinfo.Az