Xəbər lenti

Emin Quliyevdən tənəli sözlər: “Gözünə girsin pul…”
İdman06:34 01.04.2022

Emin Quliyevdən tənəli sözlər: “Gözünə girsin pul…”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yığmamızın yoldaşlıq görüşlərində Latviya və Maltaya məğlub olması ölkə futbol ictimaiyyətində böyük rezonans doğurub desək, yalan olmaz. Sonuncu matçlarda nə taktikası, nə istədiyi bilinən De Byazi haqlı tənqidlərə məruz qalır. Təbii ki, əsəblərin gərilməsinə səbəb təkcə reytinqdə bizdən xeyli geridə olan komandalara məğlubiyyət deyil, həm də illərlə üst-üstə yığılan uğursuzluqlardır.
Elə millimizin sabiq futbolçusu Emin Quliyev də sözlərimizi təsdiqlədi. Keçmiş müdafiəçi Qaynarinfo-ya yığmanın göstərdiyi oyunla bağlı sərt fikirlər səsləndirdi:
"Adamı futboldan iyrəndirirlər. Kimə baxıram, narazılığını bildirir. Mən də onların içində başdayam. Bilmirəm nə məsələdir. Bu uşaqlar elə bilirlər ki, klubda oynayırlar. Fikirləşmirlər ki, milli komandadır. Burda bayraq qaldırırsan, himn oxuyursan. Baxırsan, oyun yox, uduzurlar. Bu, yoldaşlıq oyunudur, heç olmasa bir gənc göstər ki, desinlər, işləyirsən. Hücuma get, təhlükəli vəziyyət yarat. Ancaq ötürmə, ötürmə… Belə futbol oynayarlar? Lider yoxdur ki, komandanı başına yığa. Bəlkə də lider var, amma sözünə qulaq asan yoxdur. Uşaqları başa salmalıdırlar ki, klubda oynamırlar. Rəqib Portuqaliya deyil, Latviyadır, Maltadır. Hansı ki, demək olar, oyun göstərmirlər. Onlara da uduzandan sonra daha nə fikirləşirsən? De Byazi deyir ki, 3 ötürmə edə bilmirlər. Bu, necə milli komandadır ki, bir-birinə üç ötürmə edə bilmir? Günahı kimdədir? Başda futbolumuza baxanlardadır. Sonrası da gəlir çıxır futbolçulara”. 
Veteran futbolçu millidə lider çatışmadığını da vurğulayıb:
 "Dmitri Nazarovu çağırıblar. Niyə, nə faydası olub? Keçən dəfə deyirdilər ki, Nazarov mükafat davası edir.  Bu millidir, klub deyil ki, pul davası edəsən. Gözünə girsin pul, sən qələbə qazan, onsuz da verəcəklər. Oyun göstər də. Ondansa bir azərbaycanlı futbolçu çağır, dəstək ol, o da oynasın. Onsuz da uduzursan. Bilmirəm nə etmək lazımdır. Getdikcə, vəziyyət pisləşir. İrəli getməkdənsə geriləyirik. Komanda yığılmalıdır, problemləri soruşulmalıdır. Bu millidir, başını butsun altına qoymalısan ki, qapına top getməsin. Yadınıza gəlirsə, mən uduzmağı bacarmırdım. Uduzanda ya qırmızı vərqə alırdım, ya da uşaqların üzərinə qışqırırdım ki, oynamaq lazımdır. O vaxt komandada yerli oyunçularla yanaşı, bir neçə braziliyalı da vardı. Uduzanda komandanı yığırdım başıma. Deyirdim ki, mən topa başımı qoyuram, siz maniken kimi tullanırsınız. Belə şey olar? Bu millidir, ailədir hamı bir nöqtəyə vurmalıdır. Bundan sonra braziliyalılar oynayırdılar. Komandada lider yoxdur. Sən nümunə olmalısan ki, başqaları da sözünü dinləsin. Rəşad Sadıqov oynayanda komandanı yığırdı başına, onu dinləyirdilər, hörmət edirdilər. Sözü keçirdi. İndi hərə özü üçün, harda, necə gəldi oynayır”.
Quliyev milliyə azərbaycanlı məşqçi təyin edilməsinin tərəfdarı olduğunu deyir: 
"De Byazilər gəlir, yeyib-içib gedirlər. Gələnlərdən biri nəsə etdi? Yaxşı ki, Prosineçki 7-8 xal yığmışdı. Bəs De Byazi və ya ondan əvvəlki məşqçi? Gətirib azərbaycanlı mütəxəssis qoysunlar, işləsin. İnanıram ki, azərbaycanlı məşqçi olsa, ona De Byazidən daha çox hörmət edib oynayarlar. Əcnəbi bu gün var, sabah yoxdur. Qurban Qurbanovu gətirdilər, amma bunlara sərf eləmədi. Çünki öz şərtlərini irəli sürmüşdü. İşini bilirdi, sistem quracaqdı. Sistem olmalıdır. Adlarını çəkmirəm, yığmada baş məşqçi işləyə biləcək insanlar var. Amma bilmirəm, yerlilərə nə üçün güvənmirlər. Yəqin ki, hansısa səbəbləri var. Bir dəfə də yerli məşqçiyə güvənsinlər. Heç olmasa 1 il şans versinlər. Bəlkə yaxşı olacaq? Yerli məşqçilərin sözünə qulaq asmırlar. Amma yadınıza gəlirsə, Foqtsun bir kəlməsi yerə "düşmürdü”. Futbolçular yaxşı otelə gedə, istirahət edə bilərlər. Ancaq bunun əvəzini vermək lazımdır. Oyuna baxıram, uduzan kimi əsəbiləşib televizoru söndürürəm. Hirslənirəm, ancaq ürəyim ağrıyır. Həm də utanc hissi keçirirəm. Hamı kimi mən də istəyirəm ki, klublarımız yaxşı olsun, sayı artsın, irəli getsin. Oyunlara çıxanda, baxırsan ki, bəziləri heç himnimizi oxuya bilmir. Halbuki himn çalınanda adamın tükləri biz-biz durur. Eddidi-meddidi, Nazarovdu bunlar heç himni bilmirlər ki, bir hiss də keçirələr. Amma millidə mükafat davası edir. Bu, gülməli deyil, ağlamalıdır. Təcrübəli futbolçular lazımdırsa, iki nəfər, amma canlarını meydanda qoyanları gətir. Bir söhbət eşitmişəm. Deyilənə görə, Latviya ilə oyundan sonra De Byazi futbolçuları paltardəyişmə otağında təbrik edib. Niyə? Nə oyun göstərdilər ki? Heç olmasa, 10 dəfə normal kombinasiya qurmalısan, hücumlar etməlisən. Bunlar görünmür axı. Baş məşqçi neçə ildir burdadır, amma hansı taktika ilə oynamaq lazım olduğunu bilmir. 4 müdafiəçi ilə oynayırdı. Sonra keçdi "beşli” müdafiəyə. Nəticə qazanmaq istəyirsənsə, hücum futbolu göstər, kombinasiyalar qur. Çatışmazlıqların üzərində işlə. Əvvəlcə futbolu düzəltsinlər. Sonra nə istəyirlər, etsinlər. Burunlarından gəlsin hamısı”.
Səbuhi Həsənov