Çempionlar Liqasının qrup mərhələsinin ilk oyunları başa çatıb. Fanat.az xəbər verir ki, ikinci oyun günündə 4 qrupda olmaqla 8 oyun keçirilib. Qarşılaşmaların bir neçəsində gözlənilməz hesab qeydə alınıb.
E qrupunda Joze Mourinyo ilə yenidən Çempionlar Liqasında qüvvəsini sınayan "Çelsi" doğma azarkeşlər önündə Bazeli qəbul edib. Portuqaliyalı mütəxəssisin komandası ilk görüşdə uğursuzluğa düçar olub - 1:2. Növbəti oyun isə Almaniyada baş tutub. "Şalke" öz meydanında "Steaua"nı 3 cavabsız qolla məğlub edib.
F qrupunda "Arsenal" səfərdə "Marsel"in qonağı olub. "Topçular" bu görüşdən qələbə ilə ayrılaraq aktivinə 3 xal yazmağı bacarıb - 1:2. Qrupun digər oyunu isə futbol azarkeşləri üçün gözlənilməz olub. Ötən mövsüm ÇL-in finalına qədər yüksələn Dortmund "Borussiya"sı İtaliyada "Napoli"yə 2:1 hesabı ilə məğlub olub.
G qrupunda "Avstriya" öz meydanında "Porto"nu sınağa çəkib və portuqaliyalılar minimal hesablı qələbə qazanıb. Madrid "Atletiko"su isə "Zenit"lə 3 xal uörunda mübarizə aparıb. 90 dəqiqənin sonunda sevinən tərəf Madrid təmsilçisi olub - 3:1.
H qrupunda isə daha maraqlı oyunlar qeydə alınıb. "Barselona" doğma stadionda "Ayaks"ı darmadağın edib. Kataloniyalıların 4:0 qələbə qazandığı oyunda Messi 3 dəfə adını tabloya yazdırıb. "San Siro"da isə "Milan" Şotlandiya "Seltik"inə yerini göstərib. "Qırmızı-qaralar" meydandan 2:0 hesablı qələbə ilə ayrılıb.