Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsində ilk oyunlara yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, keçiriləcək iki qarşılaşmadan biri Madrid, digəri isə Helzenkirhendə baş tutacaq.
Günün ən çox diqqət çəkən oyunu "Atletiko” ilə "Yuventus” arasında olacaq. İddialı iki komandanın mübarizəsində kimin mərhələ adlayacağında ilk oyunun nəticəsi də həlledici əhəmiyyət daşıyır. Hər iki komanda meydana müyyən əskiklərlə çıxacaq. Meydan sahiblərinin heyətində Dieqo Kosta, Lukas Hernandez və Koke zədə səbəbindən oynaya bilməyəcəksə, qonaqlarda Kuadrado analoji səbəbdən matçı buraxmalı olacaq. Bundan əlavə "Yuventus”da Duqlas Kosta və Ruqaninin də məsul görüşdə iştirakı sual altındadı.
Mərhələnin digər oyununda isə "Mançester Siti” "Şalke”yə qonaq olacaq. İngilislər səfərdə oynamasına baxmayaraq, həm bu qarşılaşmanın, həm də ümumilikdə cütün favoriti hesab olunurlar. Xosep Qvardiolanın yetirmələri işi elə ilk oyundaca həll edib növbəti görüşü formallığa çevirməyi hədəfləyirlər. "Şalke” isə sürprizə imza atmaq istəyindədir. Hər iki tərəf oyuna itkilərlə çıxacaqlar. Meydan sahibləri zədə səbəbindən Embolo, Maskarelli, Şopf və Stambulinin xidmətindən məhrumdursa, "şəhərlilər” Klaudio Bravo, Vinsen Kompani və Benjamin Mendini bu oyunda istifadə edə bilməyəcəklər. Bundan əlavə, Qabriel Jesus və Con Stounzun meydan çıxması da dəqiq bəlli deyil.
Qeyd edək ki, artıq mərhələnin 6 oyunu keçirilib. "Roma" "Portu"nu (2:1), PSJ "Mançester Yunayted"i (2:0), "Real" "Ayaks"ı (2:1), "Tottenhem" Dortmund "Borussiya"sını (3:0) məğlub edib, "Liverpul" - "Bavariya" (0:0) və "Lion" - "Barselona" (0:0) oyunlarında qalib müəyyənləşməyib.
Çempionlar Liqası
1/8 final
İlk oyunlar
20 fevral
00.00 Atletiko (İspaniya) - Yuventus (İtaliya)
Baş hakim: F. Zvayer (Almaniya).
Madrid. "Vanda Metropolitano”.
00.00 Şalke 04 (Almaniya) - Mançester Siti (İngiltərə)
Baş hakim: Karlos del Kerro Qrande (İspaniya).
Helzenkirhen. "Veltins Arena”.