Xəbər lenti

Energetik çörəkverən
Məqsəd Nur
Ölkə 09:33 30.09.2024

Energetik çörəkverən

Atam Zülfüqarlıdakı bağımızda övladlarının adına alyanaq gilas ağacları əkmişdi. Biz böyüdükcə ağaclar da böyüyürdü. Yetişəndə hərə öz ağacındakı meyvəni yeməli idi. Bəzən gilas üstündə aramızda mübahisələr düşürdü, bəzən də meyvələri bir-birimizlə paylaşırdıq. Ağaclar gah bizi birləşdirir, gah da ayırırdı. Amma valideynlərimiz onu da başa salmışdı ki, nə olur-olsun, ağaclardakı bütün meyvələri dənləyib yemək olmaz: quşların payı qalmalıdır. Gözümüz yuxarı budaqlardakı şirəli meyvələrdə qalsa da qaydanı pozmurduq. Bir gün oturub gizlicə quşları izlədim - budaqda qalan gilasları necə dimdikləyəcəklərini görmək üçün saatlarla gözlədim. Yadımdadır, bir sərçənin alyanaq gilasa sarıldığını görəndə necə sevindimsə qışqırdım, səsimdən qorxan sərçə dimdələməyə başladığı gilası qapıb uçdu... 

O gün bir qumlu Abşeron küçəsində energetik içki qablarını toplayan qardaşı görəndə də eləcə sevindim. Ona yaxınlaşıb kömək etməyə çalışdım, xəfif küləyin diyirlədiyi bir neçə boş energetik içki qabını yerdən qaldırıb qardaşın velosipedinin yedəyindəki yük yerinə atdım. Yük yerində o qədər boş energetik içki qabları vardı ki, gəl görəsən. Bu hadisə məni çox heyrətləndirmişdi, ətrafı təmizləyən xeyirxah insana necə təşəkkür edəcəyimi bilmirdim. Görünür, onunla "dil tapmaq" üçün, qeyri-ixtiyari, donquldanmağa, bu zir-zibili küçəyə atanları yamanlamağa başladım, yoğun qaz xətlərinin altındakı saralmış otları, pişik cəsədini və digər ağıla gəlməyən zir-zibilləri göstərib "sokar"ı, bələdiyyələri yamanladım: "Əşşi, baxmırlar, heç biri öz işini görümür" kimi qatmaqarışıq fikirlər söylədim. Qəfil Laçın-Şuşa yolunu plastik tullantılarla zibilləyən "dostlarım"ı yada salıb onların yerinə bir daha utandım. Qardaş isə boş energetik içki qablarından birini havada yellədib dedi:

-Allah razı olsun. 

Kimdən razılq edirdi? Məndən? Ətrafa boylandım. Hətta pişik cəsədini yerdən götürüb onun velosipedinin yedəyindəki yük yerinə atmaq üçün sellofan axtardım. 

-Çörəyim bunlardan çıxır...
-Nədən?! - qəfil, darqursaqlıqla, şəkkakcasına soruşdum. 

Qardaş əlinə geyindiyi çirkli fəhlə əlcəkləri ilə energetik qablara elə toxundu ki, eləbil övladını sığallayırdı.

-Deyirəm bunu yerə atanlardan Allah razı olsun, velosipedin dalına yığıb təkrar emala verirəm, qəpik-quruş qalır, min bərəkət, çörək çıxır...

Zülfüqarlıdakı bağımızı və gilas ağacından uçub-qaçan sərçəni xatırladım. Mənə elə gəldi ki, boş energetik içki qablarını toplayan bu qardaş həmin sərçədir, ona çörək vermək üçün qabları yerə atan isə bizik - mən, bacılarım və qardaşlarım...

Mütləq, COP-29 çərçivəsində "Çörəkverən qardaşların ekoloji sərvaxtlığı" mövzusunda panel təşkil edib təcrübəni bölüşmək lazımdır... 

Məqsəd Nur

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->