
Son vaxtlar İrandan Azərbaycanda oynamağa gələn futbolçuların sayı durmadan artır. I dəstədə belə oyunçuların sayı kifayət qədərdir. 11 iranlı, daha doğrusu cənubi azərbaycanlı futbolçu hazırda aşağı dəstə klublarında forma geyinir.
Bunlar Omid Masumi, Said Faxarişalde, Çingiz Şəhriari, Cavid Taleb (hamısı "Rəvan"), Seyidaydın Hüseyni, Ziai Seyidhüseyn (hər ikisi "Şahdağ"), Sepehr Torkamanianəfşar, Vahid Rüstəmi (hər ikisi "Energetik"), Hadi Azimi, Məhəmmədcəfər Mazrai (hər ikisi "Bakılı") və Seyidhəmid Mirabdullahidir ("Mil-Muğan").
Bu futbolçular işbaz menecerlər tərəfindən ölkəmizə gətirilir, onların pulları alınaraq müəyyən klublara soxuşdurulurlar. Azərbaycanda çox aşağı məbləğə oynayırlar. Çünki İranda onların əsgər yollanmaq ehtimalı daha böyükdür. Təsəvvür edin ki, "acından günorta duran" Qusarın "Şahdağ" və Mingəçevirin "Energetik" klublarında güneydən gələnlərin sayı 2-dir. Onda sual doğur: yerli futbolçulara verməyə pul tapa bilməyən klub bu İran vətəndaşlığını daşıyan legionerlərə pulu hardan, necə verir? Təbii ki, həmin oyunçular üçün maaşdan çox Azərbaycanda qalmaq, İrana qayıtmamaq daha önəmlidir.
Bu işlərlə məşğul olanlardan biri həvəskarlar liqasında çıxış edən, vaxtı ilə Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil etmiş Sabirabadın "Çağırğan-Ekbatan" klubunun təsisçiləri - Şirin Şirinov və Moctaba Ağapurdur. Cənubi Azərbaycandan olan 2-ci şəxs əvvəlcə klubuna həmin oyunçuları gətirir, daha sonra onları başqa klublara sırımağa çalışır.
Menecerliklə məşğul olan menecerlər də az deyil. Demək olar ki, I dəstədə əksər məşqçilər komandalarına qatdığı futbolçulardan faiz alır. Uzağa getməyək. Ötən il futbolinfo.az saytı "Şahdağ"ın baş məşqçisi Adil Mahmudovun "Şəmkir" klubuna göndərmək istədiyi iranlı futbolçudan aldığı rüşvət audioyazı vasitəsilə təsdiq olunmuşdu.
Elə bu işbazlar futbolumuzdakı qeyri-peşəkarlaşmadan istifadə edib Premyer Liqaya da sirayət edə biliblər. AZAL Aşkan Feyzi, "Sumqayıt" isə Afşin İsmayılzadə və İbrahim Abidnicatla bu yay transfer dönəmində müqavilə bağlayıb.
Qaynarinfo.Az-ın məlumatına görə, daha bir cənubi azərbaycanlı futbolçu "İnter" klubunda peyda ola bilərmiş. Söhbət Şahin Baylicaidən gedir. 25 yaşlı futbolçu Ərdəbildəndir, ancaq əsli Biləcəridəndir. Onun babası İçərişəhərdə, Göy Məscidin yaxınlığında anadan olub. SSRİ vaxtı İrana qohumlarını ziyarət etməyə gedib, lakin qayıda bilməyib və orda da evlənib.
Şahin isə Azərbaycana gəlməzdən əvvəl İranda "İnter" (Kempus), "Zohabani" (Ərdəbil), "Saypa" (Tehran), "Perspolis"in U-20, "Qostəriş Fulad" (Təbriz), "Niru Zəmini", "Səbabətri" (Qum) komandalarında oynayıb. İranın U-19 komandasına dəvət alsa da, ona orda oynamaq qismət olmayıb.
Baylicai 2 mövsüm əvvəl isə Azərbaycanda "Şuşa-Qarabağ" klubunda çıxış edib. "Şuşa-Qarabağ"ın baş məşqçisi Nadir Qasımovla PFL prezidenti Ramin Musayev arasındakı intriqanın nəticəsində bu klubun ötən mövsüm olduğu kimi yenə çempionatdan kənarda qalması Şahinin də yeni komanda axtarmasına səbəb olub. Hansısa menecerlər sayəsində "İnter"in düşərgəsinə dəvət olunub. Çox az maaş məbləğində "İnter" bu hücumçunu heyətinə qatmaq istəyirmiş. Hətta o yaxınlarda "bankirlər"in Gürcüstanın paytaxtı Tiflisdəki təlim-məşq toplanışına da aparılıbmış. Ancaq "İnter"ə FİFA tərəfindən qoyulan transfer qadağası bu oyunçunun Azərbaycan planlarının üstündən xətt çəkib.
Yeri gəlmişkən, futbolçu bu klubda o qədər çox oynamağı istəyirmiş ki, ötən il futbolçu "Het-trik nyuz" qəzetinə verdiyi müsahibədə belə bir söz işlədibmiş: "Qarabağ"ın, "Neftçi"nin, "İnter"in bir neçə oyununu izləmişəm. "Qarabağ"la "İnter" daha çox cinahlardan hücum qurur. Bu da mənim xoşuma gəlir. "Neftçi" isə daha çox "yerlə" oynayır, texniki futbola üstünlük verir. "Qarabağ" - "Neftçi" oyununda "9 nömrə" (Reynaldo) çox xoşuma gəldi. Premyer Liqa komandalarından hamısında rahatca oynaya bilərəm. Amma ən çox ürəyimə yatanı "İnter"dir".
Kim bilir, hansısa menecer sonradan onu "İnter"ə sırımaq üçün yalandan da olsa bu klubu tərifləməyini istəyibmiş...
Qaynarinfo.Az