
Tanınmış politoloq, “Şərq-Qərb Araşdırmalar Mərkəzinin” prezidenti, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclunun Azərbaycanı qəfil tərk edib, ABŞ-a getməsindən 1 ay keçir. Bu müddətdə Ə.Oruclu media ilə heç bir ünsiyyət qurmayıb, ölkəni qəfil tərk etməsinə aydınlıq gətirməyib.
Qaynarinfo.Az oktyabrın 19-da politoloqla əlaqə yaratmaq imkanı qazansa da, o, səfəri barədə danışmaq istəməyib, ölkəyə nə vaxt dönəcəyi barədə sualı da cavablandırmayıb.
Bəs həmişə cəsarətli açıqlamaları ilə seçilən Ə.Oruclunun media ilə ünsiyyətini məhdudlaşdırmasının səbəbi nədir? O ölkəyə nə vaxt qayıdacaq?
Qeyd edək ki, tanınmış politoliq ABŞ-a gedən zaman sosial şəbəkədə belə yazmışdı:
"Dəyərli dostlar.
Bəzi işlər səbəbindən ölkəni bir müddətə tərk etməli oldum və artıq bir neçə gündür ki, ABŞ-dayam. Burada olacağım müddətdə yerli araşdırma mərkəzlərinin birində bəzi mövzular üzərində işləməyi planlaşdırıram. Odur ki, qarşıdakı qısa zamanda işlərimin yetərincə intensiv olacağını nəzərə alaraq, facebook profilimi müvəqqəti bağlamalı olacağam. Ölkə xaricində olduğum müddətdə Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı heç bir şey yazmayacağam və bunun da səbəbi çox sadədir: düşünürəm ki, hər hansı toplumla bağlı sözünü demək üçün ilk növbədə onun içində olmaq vacibdir. Ən azı mənim üçün bu, sözlərinə, əməllərinə görə şəxsi məsuliyyət məsələsidir. Hər halda, ölkə daxilində olduğum müddətdə daim sözümü deməyə çalışmışam və belə də davam edəcəyəm. Hamınıza uğur, ailə səadəti, xoşbəxtlik arzulayıram! Yaxın zamanlarda görüşmək üzrə.
P.S.: Vaxt qıtlığı səbəbindən bir çox şərhlərə və suallara cavab verə bilmirəm. Odur ki, üzürlü sayın. Bu andan etibarən ölkəyə qayıdacağım günədək media ilə də bütün əlaqələrimə fasilə verirəm."
Ərəstun Oruclunun adının çəkilməsini istəməyən dostu Qaynarinfo.Az-a politoloqun 3 aydan sonra ölkəyə dönəcəyini deyib. Bildirib ki, o, yaxın vaxtlarda “Facebook”a da dönə bilər.
Başqa bir mənbə isə Ərəstun Oruclunun keçmiş MTN əməkdaşı olduğuna diqqəti çəkib. Bildirib ki, onun referendum ərəfəsi həbs olunmaq təhlükəsi olub və bunu ona bəzi dostları çatdırıblar. Mənbə ABŞ-a qəfil gedişin Azərbaycanın Rusiya ilə yaxınlaşdığı dövrə düşməsini də xatırladıb. Mənbə “bir neçə aylıq” səfərin uzunmüddətli ola biləcəyini də istisna etməyib.
Hər halda bütün bunlar versiyalardır və hörmətli politoloqa ünvanladığımız suallar kimi açıq qalmaqdadır. Ümid edirik ki, Ərəstun Oruclu tezliklə əvvəlki apmluasına dönəcək və qəfil gedişlə bağlı müəmmalara aydınlıq gətirəcək.
Qızılgül
Qaynarinfo.Az