Dünya 15:37 26.05.2023

“Ericsson”da korrupsiya ilə bağlı məlumat verdi, ABŞ-dan 279 milyon aldı

ABŞ "Ericsson”da korrupsiya işi ilə bağlı məlumat verən şəxsə rekord məbləğdə 279 milyon dollar ödəyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) şirkətin müqavilələr əldə etmək üçün bir sıra ölkələrdə etdiyi qanunsuz ödənişləri araşdırırdı. 2019-cu ildə SEC bildirib ki, tənzimləyicilərlə razılaşmanın bir hissəsi olaraq, Ericsson Çin, Səudiyyə Ərəbistanı, İndoneziya, Vyetnam, Küveyt və Cibutidəki məmurlara rüşvət və "otkat” verdiyinə görə 1,1 milyard dollar cərimə ödəməyə razı olub. Bu əməliyyatlardan şirkət ABŞ-ın Xaricdə Korrupsiyaya Qarşı Mübarizə (Foreign Corrupt Practice Act — FCPA) qanununu pozaraq milyonlarla qazanc əldə edib.

SEC özü nə məlumat verənin adını, nə də onun aldığı məbləği açıqlayır. SEC qaydalarına əsasən, korporativ cinayətlərin təhqiqatına kömək edən məlumat verənlər şirkətin tənzimləyicilərlə razılaşmasına uyğun ödədiyi ümumi məbləğin 10%-dən 30%-ə qədərini alırlar.

Əvvəlki rekord 114 milyon dollar olub. SEC bu məbləği məlumat verən şəxsə 2020-ci ilin oktyabrında, həmçinin adını və mükafatı aldığı işi açıqlamadan ödəyib.

Nizami Bağırov