Ötən yay Avro-2020-nin final mərhələsi çərçivəsində baş tutan Finlandiya ilə matçın 43-cü dəqiqəsində ürəyi dayanan və huşunu itirib yerə yıxılan Danimarka millisinin hücumçusu Kristian Eriksen DÇ-də forma geyinmək istəyir.
Qaynarinfo xəbər verir ki, 29 yaşlı futbolçu uzun müddət sonra səssizliyini pozaraq bu barədə Danimarka televiziyalarından birinə danışıb. O, bu il Qətərdə keçiriləcək Dünya çempionatında oynamaq arzusunda olduğunu bildirib:
"Məqsədim Qətərdəki Dünya Çempionatında oynamaqdır. Həkimlər yaxşı olduğumu deyəndən sonra özümü futbolsuz görə bilərəm? Bir hədəf və bir yuxu. Milliyə dəvət alıb - almayacağım başqa. Amma əminəm ki, qayıda biləcəm. Artıq əvvəlki kimi özümüm pis hiss etmirəm. Yüksək fiziki formada qayıdacağam. Məqsədim budur və hələ də kifayət qədər vaxtım var. Həmin anlarda 5 dəqiqə ölü kimi idim. Hazıra başqa probem olacağından narahat deyiləm. Hər şeydən əvvəl burada olduğum üçün şanslıyam. İnsanlar mənə qarşı çox mehriban idi və onların xoş arzuları sağalmağıma kömək etdi. Hadisədən sonra ürəyimə nə olacağına çox narahat idim. Amma bütün testlərdən keçdim və heç nə olmadığını bildirdilər. Bunun yenidən baş verəcəyindən narahatlığım yoxdur”.
İtaliyada həkimlər səhhətində problem olan futbolçunun oynamasına icazə vermədiyi üçün, "İnter" onunla müqaviləni ləğv etmişdi. Ancaq hazırda İngiltərə, Hollandiya və Fransadan bəzi klublar Erikseni heyətinə qatmaqda maraqlıdır.
Hadisə zamanı meydançada edilən müdaxilədən sonra xəstəxanaya aparılan Eriksen ürəyinə yerləşdirilən cihaz sayəsində həyatına davam edə bilib. Sabiq klubu "İnter" bu dramatik hadisədən sonra onunla müqaviləyə xitam vermişdi.
Səbuhi Həsənov