"Yemin qiymətinin bahalaşması fermerlərə problem yaradır. Buna görə həm bordaq heyvanlarının, həm də gələcəkdə damazlıq üçün nəzərdə tutulan heyvanlar erkən kəsimə gedir".
Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimov deyib. Onun sözlərinə görə, damazlıq heyvanlar erkən kəsimə getdiyindən növbəti illərdə heyvanın baş sayı aşağı düşür:
"İribuynuzlu heyvanların baş sayının azalmasının iki səbəbi var. Onlardan biri intensiv təsərrüfatlar, yəni xaricdən gətirilən yüksək məhsuldarlıqlı heyvanlar, digəri isə ənənəvi ailə təsərrüfatlarının saxladıqları heyvanlardır. Hər iki heyvan növünün bəslənməsində böyük ölçüdə qapalı yemləmədən istifadə olunur. Son illərdə yemlərin qiyməti kəskin yüksəlib".
Cəfər İbrahimov iribuynuzlu heyvanların baş sayının azalmaması üçün əsas məsələlərdən biri böyük təsərrüfatlara torpaq sahələrinin ayrılmasıdır:
"İşğaldan azad olunan ərazilərdən bu təsərrüfatlara torpaq sahələri ayrılsa, onlar yem bazasını özləri təmin edə bilsələr, bu, iribuynuzlu heyvanların stimullaşdırılmasına gətirib çıxarda bilər və erkən kəsminin qarşısını ala bilər".
Bahar Rüstəmli