Düşmən millətin nümayəndələrinin ölkəmizə biznes layihələri adı altında sızmaları milli təhlükəsizliyimizi birbaşa təhdid edir
Rusiyada yaşayan məşhur erməni milyarder Azərbaycanda sığorta biznesi qurub. Virtualaz.org bu şok məlumatın izinə təsadüfən, erməni qaynaqlarında yer almış bir məlumatı araşdırarkən düşüb. Saytın bir neçə gün öncə yaydığı məlumatında qeyd edilir ki, məşhur rusiyalı biznesmen, postsovet Rusiyasının sığorta sektorunda özünün imperiyasını quran Sergey Sərkisov Ermənistanın Los-Ancelesdəki konsulu təyin olunacaq. Bu haqda ABŞ-da nəşr olunan erməni qəzeti “Asbarez” yazıb. Qəzetin yazdığına görə, Sergey və Nikolay Sərkisov qardaşları RESO sığorta şirkətinin sahibləridir. Onlar “Forbes”in zənginlər siyahısında 78 və 79-cu sıralarda yer alırlar. Hər birinin sərvəti 1,35 milyard dollardır.
“Asbarez” xəbər verir ki, Sergey Sərkisovun Los-Ancelesə konsul təyin olunacağı haqda məlumatı bugünlərdə ABŞ-ın Kaliforniya ştatı Konqresinin Ermənistana səfərdən qayıdan nümayəndə heyətindən əldə ediblər. Nümayəndə heyətinə ştatın assambleyasının spikeri Con Perez başçılıq edirdi.
Həmin səfər zamanı Sərkisov Ermənistanın Los-Ancelesdəki yeni konsulu statusunda nümayəndə heyətini müşayiət edib. Qəzet bildirir ki, 2012-ci ildə “Hayastan” fondunun təşkil etdiyi marafon zamanı biznesmen Dağlıq Qarabağ ermənilərinə 4 milyon dollar ianə verib.
Qəzet qeyd edib ki, Sərkisov SSRİ-nin dağılması ərəfəsində - 1991-ci ildə Rusiyada ilk özəl sığorta şirkətlərindən biri olan RESO-nu qurub. Sığorta bazarında biznesini genişləndirən Sərkisov qardaşları keçmiş sovet respublikalarında da sığorta bazarında özlərinə yer ediblər. S.Sərkisov ötən il ABŞ-da yerləşən Beynəlxalq Sığorta Cəmiyyətinin vitse-prezidenti seçilib.
Virtualaz.org-un araşdırmasına görə, erməni şirkəti Azərbaycan bazarına 2010-cu ildə daxil olub. O zaman bəzi KİV-lərdə bu barədə aşağıdakı informasiya getmişdi:
“Rusiyanın ”RESO-Qarantiya" sığorta şirkəti Azərbaycanda korporativ satışlar direktorluğu yaradıb. O, Azərbaycan da daxil qonşu ölkələrdə iri müəssisə və təşkilatlarla işləməlidir. Direktorluğun rəhbəri Aleksandr Qulçenkodur. Bundan əvvəl Qulçenko “ROSNO” şirkətində elektrik enerjisi risklərinin sığortası mərkəzinə, təhlükəli istehsalların sığortası mərkəzinə, Ukrayna, Qazaxıstan və Azərbaycanda təmsilçiliyi olan “ROSNO-Sentr” təkrar sığorta şirkətinə rəhbərlik edib".
Virtualaz.org-un araşdırmaları onu da üzə çıxarıb ki, Sergey Sərkisov bir neçə gün əvvəl İrəvanda da olub. O “RESO-Qarantiya”nın İrəvan ofisinin açılışında iştirak edib.
Bu açılışda iştirakı zamanı Sərkisov daha bir sensasion faktı açıqlayıb. Bildirib ki, onun ABŞ-da qeydiyyatdan keçmiş şirkəti hazırda Dağlıq Qarabağda mis və qızıl kəşfiyyatı ilə məşğuldur. Sərkisov qardaşlarının işğal altındakı Azərbaycan ərazilərində mis və qızıl hasilatına investisiya qoydğu haqda xəbərlər “RESO-Qarantiya”nın İrəvan ofisinin açılışı ərəfəsində erməni KİV-lərində yayılıb. News.am xəbər verib ki, Rusiya milyarderləri Sergey və Nikolay Sərkisov qardaşları Qarabağda mis və qızıl yataqlarının kəşfiyyatına investisiya qoyur.
Sərkisovların şirkətinə lisenziya bu ilin avqustunda verilib. Həmin yataqda mis, qızıl, titan və vanadium ehtiyatlarının olduğu bildirilir. Bir neçə ay əvvəl qondarma “DQR”-in “prezidenti” Bako Saakyan özü də həmin yatağa baş çəkib.
Sərkisov qardaşlarının işğal altındakı Azərbaycan ərazilərində yaşayan və qanunsuz məskunlaşdırılan ermənilərə hər il yardım ayırdığı da erməni mənbələrində yer alır. Milyarder qardaşlar sonuncu dəfə 2011-ci ilin sentyabrında Dağlıq Qarabağda olublar. Bako Saakyan onları qəbul edib və xeyriyyəçilik fəaliyyətinə görə təşəkkür edib. Bu görüşdə həmçinin işğal altındakı ərazilərin dirçəldilməsinə yönələn layihələr müzakirə olunub.
Qeyd edək ki, artıq Maliyyə Nazirliyindən məsələyə münasibət bildirilib. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti açıqlayıb ki, hazırda Azərbaycan Respublikasında RESO adlı nə sığorta, nə də təkrar sığorta şirkəti, həmin şirkətin hər hansı törəmə şirkəti və ya nümayəndəliyi fəaliyyət göstərmir. Bu şirkətin adı həmçinin Azərbaycan sığortaçıları ilə təkrar siğorta əməliyyatları aparmağa icazəsi olan xarici təkrar siğortaçıların siyahısında da yoxdur: “Eyni zamanda bildiririk ki, jurnalist ”araşdırması" kimi təqdim olunan sözügedən məqalə əslində sensasiya naminə yayılıb, obyektiv reallığa əsaslanmayan və müəllifin qərəzli mövqeyini əks etdirir".
Xatırladaq ki, bir müddət öncə “Yeni Müsavat” qəzetinin siyasət şöbəsi də ermənilərə məxsus siğorta şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini yazmışdı.
Ermənilərin ölkəmizdə biznes fəaliyyəti adı altında fəaliyyət göstərmələri, iş adamı altında fəaliyyət göstərmələri Azərbaycanın milli təhlükəsizliyini bir başa təhdid edir. Bu, aidiyyəti dövlət orqanlarının, təhlükəsizlik xidmətlərinin diqqətindən yayınmamalıdır. Çünki Ermənistanla Azərbaycan müharibə şəraitindədir. İki ölkə arasında siyasi-diplomatik, həmçinin ticarət əlaqələri dayandırılıb. Sərhədlər bağlıdır. Belə bir vəziyyətdə düşmən ölkənin hansısa bir nümayəndəsinin Azərbaycanda iri biznes qurması olduqca təhlükəli tendensiyadır.