(Yazı "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusu üzrə işlənib)
Azərbaycanın işğaldan azad olunmuş əraziləri azad edildikdən sonra, qarşıda duran başlıca vəzifələrdən biri də həmin ərazilərin ekoloji durumunu bərpa etməkdən ibarətdir.
Sirr deyil ki, ermənilər işğal dövründə bu ərazilərin ekologiyasına həddən artıq ziyan vurublar. Onlar öz hərəkətlərilə şəhərləri dağıdıb, bir çox yerlərdə ərazinin torpaq qatını istifadə üçün yararsız hala salıblar. Digər tərəfdən, müharibə dövründə ermənilərin istifadə etdikləri silahlar Qarabağ bölgəsi ərazilərindəki torpaq qatına da xeyli dərəcədə ziyan vurub. Burada bir sıra məhsuldar ərazilər indilikdə istifadə üçün tamamilə yararsız hala düşüb. Hansı ki, belə ərazilərin yenidən əvvəlki məhsuldar vəziyyətinə qaytarılması uzun illər və nəhəng əmək sərf etmək lazım gələcək.
Qaynarinfo-ya açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev bildirir ki, Qarabağ və digər azad edilmiş ərazilərimizdə ekoloji durumun yaxşılaşdırılması üçün ilk növbədə minalardan təmizlənməklə yanaşı, ərazidəki torpaq qatı əvvəlki münbit vəziyyətinə qaytarılmalıdır:
"İlk növbədə ekoloji mühitin normal məcraya düşməsi üçün işğaldan azad olunmuş ərazilər minalardan tamamilə təmizlənməlidir. Müharibənin izləri onun getdiyi ərazilərdə uzun müddət qalır. Müharibə ətraf ərazilərdəki flora və faunanı tamamilə məhv edib. Ermənilər tərəfindən işlədilən silahlar təkcə dağıdıcı təsirə malik olmayıb, həm də əraziyə kimyəvi cəhətdən də mənfi təsir edib. Torpaq müəyyən qatlardan ibarətdir. Silahın yandırıcı xüsusiyyətindən torpaq qatı tamamilə sıradan çıxır. Torpağın üst qatında bitkiyə lazım olan 5-6 faiz homoslar olduğu halda, ikinci qatda bu həcm 3-4 dəfə azalır. Müharibə hansı ərazilərdə fəsadlar törədibsə, həmin yerdə torpağın az məhsuldar alt qarı üzrə çıxır, məhsuldar qatı isə alta düşür. Nəticədə bitkilərin yaxşı qidalanmasına şərait yaradan mühit də zəifləyir.
Quru iqlim şəraitində, konkret olaraq Cəbrayıl, Füzuli, Zəngilan ərazilərindəki torpaqlarda 1 santimetr məhsuldar torpaq qatının əmələ gəlməsi üçün azı min illiklər lazımdır. Bu ərazilərdəki məhv olan biktilərin yenidən əmələ gəlməsi üçün də onilliklər lazımdır. Müharibə bu bölgədə, təxminən 1,2 milyon hektar, yəni Azərbaycan ərazisinin 10 faizlik torpaq ehtiyatını məhv edib. Həmin ərazilərin ekoloji cəhətdən yenidən bərpasına nail olmaq üçün dövlət tərəfindən bu ərazilərə xüsusi qayğı göstərilməlidir”.
Həmsöhbətimiz qeyd edir ki, ərazi minalardan təmizləndikdən sonra, xüsusi qaydada torpaq qatlarının əvvəlki təbii mühitinin qaytarılmasına daha çox fikir verilməlidir:
"Yuxarıda qeyd etdiyim kimi, mərmi düşən ərazidəki torpağın dağılmış üst hissəsindəki məhsuldar qatı üstə yığmaq lazımdır ki, gələcəkdə istifadə zamanı təbii mühitin məhsuldarlığından keyfiyyətli istifadə etmək mümkün olsun. Bir sözlə ərazinin ekoloji tarazlığında mühüm rol oynayan torpaq örtüyündə aparılacaq torpaq-bərpa işləri elmi cəhətdən yaxşı işlənmiş metodlarla aparılmalıdır. Çalışmaq lazımdır ki, torpaq qatları öz layları üzərinə daha yaxşı otursun. Digər tərəfdən, torpaq qatı yaxşı olan ərazilərdə badam, püstə kimi kökləri daha dərinə gedən bitkilər salınmalıdır”.
Ekspert aqrotexniki qaydalara məsuliyyətlə yanaşmağı da vacib bilir:
"Bu işə məsuliyyətlə yanaşmalıyıq ki, ərazidəki torpaq qatlarının məhsuldarlığı azalmasın. Aqrotexniki qulluq elə aparılmalıdır ki, torpağın təbii mühitdəki məhsuldarlığı ilə bərabər, həm də ləkəli yerlərdə xüsusi qaydada qulluq göstərilməlidir. İşğaldan azad edilmiş bu ərazilərimizdəki torpaqlar hələlik 5-10 il əvvəlki mövqeyinə qayıtmaya bilər. Amma aqrotexniki qaydalara əməl edilsə, mövcud ləkələri kompensasiya edərək, torpağı əvvəlki vəziyyətinə qaytarmaq olar”.
Rüfət Sultan
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.