
Şuşa Azərbaycanın ən qədim şəhərlərindən biridir. Qədim dövrlərdən mövcud olmuş şəhər XIII əsrdə monqollar tərəfindən dağıdılıb. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" (şüşə) adlandırıblar.
Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa şəhərinin cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindən biri yerləşir. Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən, Şuşa kəndinin yaxınlığında abadlaşdırılaraq yenidən salınıb. İlk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar.



















