
Azərbaycan Premyer Liqasında debüt mövsümünü gümüş medalla başa vuran “Zirə”də heyətlə bağlı işlərə start verilib.
Qaynarinfo.az xəbər verir ki, artıq komandanı tərk edən və yeni müqaviləyə imza atan bəzi futbolçuların adı məlumdur.
Belə ki, Anar Nəzirov, Elvin Məmmədov, Aleksandr Şemonayev, Nurlan Novruzov və Kamal Bayramovla yeni müqavilə imzalanıb. Futbolçuların hər birinin yeni müqaviləsi 1 il müddətinədir. Həmçinin Nelson Bonilyanın daha 1 il “Zirə”də qalmasına qərar verilib. Klub hücumçu ilə ötən il "1+1 il" şərti ilə bağlanmış müqavilədə göstərilən hüququndan istifadə edərək, anlaşmanın müddətini daha 1 illiyə uzadıb.
Qeyd edək ki, yalnız son turda Salvador millisinin düşərgəsinə yollandığı üçün (Salvador millisinin ABŞ-da mayın 28-də Peru, iyunun 1-də isə Ermənistanla yoldaşlıq oyunları var - red.) oynamayan və bu üzdən bombardirliyi "Qarabağ"ın ispan yarımmüdafiəçisi Dani Kintanaya təhvil verən (14 qol vurub - red.) Nelson Bonilyanın maaşının az olması səbəbindən "Zirə"dən ayrılmaq istədiyini yazmışdıq. Lakin "Zirə" bu futbolçunu onun maaşını artırmaq güzəştinə getməklə saxlaya bilib.
Komandadan ayrılan futbolçuların da bəzilərinin adları dəqiqləşib. Belə ki, “Zirə” Rəşad Abdullayev, Ruslan Poladov, Tərzin Cahangirov, nigeriyalı Çimezi Mba, ispaniyalı Luis Alberto Dies (Tato) və braziliyalı Dieqo Souza ilə yollarını ayırıb. Hazırda müqaviləsi başa çatan digər futbolçularla danışıqlar davam edir və yaxın günlərdə onlarla bağlı da açıqlama veriləcək.
Qaynarinfo.az