Xəbər lenti

Ermənistan Rusiya ilə ticarət dövriyyəsini niyə azaldıb?
Ölkə 23:31 05.09.2025

Ermənistan Rusiya ilə ticarət dövriyyəsini niyə azaldıb?

Rusiya Ermənistanla ticarət dövriyyəsinin iki dəfə azalmasından şikayətlənib.

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumunda bildirib ki, 2025-ci ildə Ermənistanla ticarət dövriyyəsi, təxminən, iki dəfə azala bilər.

Onun sözlərinə görə, əgər 2024-cü ildə bu rəqəm 12.4 milyard dollara çatıbsa, bu il təxminən 6 milyard dollar olacağı gözlənilir.
İlin birinci yarısında ticarətin həcmi cəmi 3.4 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə azdır. Bəs bunun səbəbi nədir? Ermənistan Rusiyadan iqtisadi asılılığını necə azaldacaq?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinin azalmasının əsas səbəbi eksportla (ölkədə istehsal olunan məhsulların xarici bazarlara satılması) bağlıdır:

"Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinə diqqət yetirsək, 2022-ci ildən etibarən iki ölkə arasında kəskin artımların müşahidə olunduğunu görərik. Bu, həm Rusiyadan idxal, həm də ixracda özünü göstərirdi.

Bu da birbaşa Ermənistanın reeksport (bir ölkənin idxal etdiyi məhsulu heç bir emal və ya dəyişiklik etmədən üçüncü bir ölkəyə ixrac etməsi - red.) etməsi ilə bağlı idi. Praktiki olaraq bu ondan xəbər verir ki, Ermənistan reeksportun həcmini azaldıb".

"Ermənistanla Rusiyanın ticarət dövriyyəsinə diqqət yetirsək, 12.4 milyard dolların Ermənistan iqtisadiyyatı üçün kifayət qədər böyük rəqəm olduğunu görərik.

Təbii ki, Ermənistan bu məbləğdə məhsul istehsal edib, Rusiyaya göndərmək və ya idxal olaraq almaq potensialına malik deyil.
Bu rəqəmin böyük olması birbaşa reeksportun həcmi ilə bağlıdır. Əgər tendensiya azalma istiqamətində davam edəcəksə, bu, o deməkdir ki, iki ölkə arasında reeksportun həcmində azalmalar müşahidə olunmağa davam edə bilər", - deputat vurğulayıb.
İqtisadçı əlavə edib ki, reeksportu çıxsaq, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi heç də böyük deyil:

"Bu, 2022-ci ilə qədər olan rəqəmlərdə də özünü göstərir. Amma sözsüz ki, Ermənistanın Rusiyadan iqtisadi asılılığı qalacaq.

Çünki Ermənistan iqtisadiyyatında Rusiya şirkətləri dominantdır.
 
Hələ də Ermənistana daxil olan vəsaitin həcmində Rusiyanın payı çoxdur. Ümumiyyətlə, Ermənistan hökumətinin son addımları göstərir ki, Ermənistan iqtisadi baxımdan Rusiyadan uzaqlaşmağa çalışır".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->