Xəbər lenti

Siyasət 19:41 20.08.2022

Ermənistanın təzminat öhdəliyinə imza atması Azərbaycana nə üçün lazımdır? - Öncə dəhliz, sonra Zəngəzur!

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd edib. Proseslər göstərir ki, Qarabağ müharibəsinin geopolitik xarakteri postmüharibə dövründə də Azərbaycanın əlini kifayət qədər gücləndirib. Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycana təzminat ödəmək üçün Ermənistanın pulu yoxdur. Ona görə də təzminatın yerinə Azərbaycan Zəngəzuru geri almalıdır. 

Əvvəla, Azərbaycanın təzminat əvəzinə öz tarixi torpaqlarını Ermənistandan geri alması strateji addım olmazdı. Niyə?

Doğru strategiya budur - öncə dəhliz, sonra Zəngəzur! 

Zəngəzurun Azərbaycana qaytarılması ilk növbədə orada dəhlizin açılmasından keçir. Əgər dəhliz açılsa, bir neçə il sonra Azərbaycan Zəngəzurda tamamilə öz suverenliyini bərpa etmiş ola bilər. Bunun üçün güclü iqtisadiyyat və daha güclü ordu qurmaq, Ermənistanı isə zəif vəziyyətdə saxlamaq lazımdır. 

Birincisi, Zəngəzur dəhlizinin açılması Rusiya, Türkiyə, İsrail və Çin kimi nəhəng güclərin strateji maraqları daxilindədir. Ermənistan gec-tez Zəngəzur dəhlizinin açılmasına razılıq vermək məcburiyyətində qalacaq. Bütün proseslər də ona doğru gedir. Ermənistan Qarabağı bizə vermirdi, döyüşdük və aldıq. Zəngəzur məsələsini isə postmüharibə dövrünün əsas "döyüş faktoru" adlandırmaq olar. 

İkincisi, təzminat - məğlub tərəfin yenidən müharibə və işğal iddiasına düşməməsi üçün ən təsirli metodlardan biridir. Ermənistan hər il Azərbaycan dövlətinə təzminat ödəməli olsa, tarixi öhdəlik götürmüş olacaq, eləcə də özünün işğalçı mahiyyətini sənədlə təsdiqləmiş olacaq. 

Təzminat məsələsində Birinci və İkinci dünya müharibələrinin təhlili geniş materiallar verir. 

Ermənistanın təzminat ödəməsini zəruri edən faktlarımız, dəlillərimiz var. Bütün dünya ictimaiyyəti də bunu bilir. 

Hesab edirəm ki, əgər Ermənistanla sülh müqaviləsi bağlanacaqsa, təzminat tarixi öhdəlik kimi Ermənistanın üzərinə qoyulmalıdır. Bu, Ermənistanın revanşist qüvvələrin gələcək aqressiv addımlarından sığorta olunmamızda ciddi rol oynaya bilər. Həmçinin, bu, iqtisadi problemlər məngəsində boğulan Ermənistan üçün ciddi tormozlayıcı faktor olacaq. 

Ermənistanın əsas məqsədlərindən biri Azərbaycanın dəstəyi ilə regional layihələrdən pul qazanıb dirçəlməkdir. Biz Ermənistana bu şansı versək, ciddi fəsadlarla nəticələnə bilər. Düşünürəm ki, Ermənistanın daim zəif qalması Azərbaycanın strategiyasına uyğun olardı. Yox, əgər söhbət mehriban qonşuluq siyasətindən və müharibənin tamamilə bitməsindən gedirsə, o zaman Ermənistan təzminat öhdəliyinə də imza atmalıdır. 

Samir Feyruzov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->