Dünya çempionatının seçmə mərhələsində baş tutan Madaqaskar - Tanzaniya matçından sonra silahlı Madaqaskar ordusunun əsgərləri Tanzaniya millisinin qaldığı otelə basqın edib.
Qaynarinfo "NTV"yə istinadən xəbər verir ki, basqının səbəbi Tanzaniya millisinin koronavirusa yoluxmuş futbolçuları olub. Sözügedən komandadan Aişi Salum Manula, Alli Samatta və Bakari Mvamnyetin virusa yoluxduğu iddia edilib.
Məsələ ilə bağlı açıqlama verən Tanzaniya Futbol Federasiyası da əsgərlərin silahla otelə girərək oyunçuların qapısı qarşısında gözlədiklərini bildirib. Virusa yoluxduğu üçün oteldə girov qalanlar arasında transfer haqqı "Fənərbaxça"ya məxsus olan və Belçika təmsilçisi "Antverpen"də forma geyinən Mbvana Samatta da var.
Madaqaskar - Tanzaniya matçı 1:1 hesabı ilə yekunlaşıb.
Səbuhi Həsənov