
"Qəbələ" fransalı futbolçu Bakaliy Dabonun ardından hücum xəttinə daha bir futbolçunun keçidini rəsmiləşdirmək üzrədir.
Qaynarinfo.az xəbər verir ki, söhbət kamerunlu hücumçu Marsel Essombedən gedir.
Artıq "Qəbələ" və onun çıxış etdiyi sonuncu klub "Dinamo" (Buxarest, Rumıniya) arasında bu transferlə bağlı razılaşma əldə olunub. 28 yaşlı Essombe danışıqların yekunlaşdırılması və tibbi müayinədən keçmək məqsədilə ölkəmizə dəvət edilib.
Ötən mövsüm Rumıniya çempionatında 23 oyuna 6 qol vuran Essombenin "Dinamo"dan ayrılmasına səbəb kamerunlu dostu Patrik Ekenqin oyunlardan birində qəflətən dünyasını dəyişməsidir. O, Rumıniyanın son çempionu "Astra" ilə müqavilə bağlamağa çox yaxın olub. Lakin son anda futbolçu fikrindən vaz keçib.
"Astra"nın baş məşqçisi Marius Şumudike buna görə Essombeni qeyri-peşəkarlıqda günahlandırıb: “Onun məsələsi bizə sirr olaraq qalmaqdadır. Essombe ilə 7 dəfə danışmışam. Ona 10 min dollar məvacib təklif etdim. Lakin Marsel balaca uşaq kimi bizimlə oyun oynadı. Müqaviləni stolun üstünə qoydum və onunla sözləşmə imzalamaq istəyində olduğumuzu bildirdim. İlk ilində 10 min, sonra isə 12 min məvacib alacağına söz verdim. Ancaq ondan səs-səmir gəlmir. Essombenin xarakteri yoxdur və bundan sonra belə oyunçu mənə lazım deyil. Ona hər istədiyini verməyə hazır idim”.
Onun "Qəbələ"yə keçidinin səbəbkarı isə Bakaliy Dabodur. Bu 2 futbolçu Fransada "Kretey" klubunda bir yerdə oynayıb. Essombeni yoldan çıxaran da Dabo olub. Məhz onun tərifindən sonra Essombe Azərbaycanda oynamağa razılıq verib. Burda yüksək pul amili də başlıca rol oynayıb.
Artıq "Dinamo"nun rəsmi "Feysbuk" səhifəsi də Marsel Essombeyə klub adından təşəkkürünü bildirib. Onunla sonradan müddəti artırılmaq şərti ilə 1 illik müqavilə bağlanılması gözlənilir.
Qeyd edək ki, "Qəbələ" bu gün Bakıda Macarıstanın MTK klubu ilə minimum heç-heçə etsə, Avropa Liqasının III təsnifat mərhələsinin Fransanın "Lill" komandası ilə oyununda yeni transferi iş başında görə bilərik.
Qaynarinfo.az