"Mənim siyasətdən getməyimin səbəbləri var idi. Siyasətin mənim üçün darıxıb-darıxmadığını siz jurnalistlər müəyyənləşdirə bilərsiniz. Mən müəllim kimi də çalışmışam, tarixçi kimi bu prosesləri bilməyim təəccüblü deyil. Ancaq darıxmaq məsələsinə gələndə əlbəttə, insan bu proseslərin içində olmaq istəyər. Lakin mənim siyasətdə olmağımın ziyanı olacaqsa, milli mənafe xətrinə çəkilməyim daha yaxşıdır".
Qaynarinfo xəbər verir ki, bunu modern.az-a tanınmış siyasi xadim, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və lideri Etibar Məmmədov deyib.
O, siyasətdən getməsinin səbəblərindən danışıb:
"Siyasətdə qalmağım ümumilikdə təhlükə yaradırdı, bundan istifadə etmək istəyən insanlar idi. Bundansa siyasətdə olmamağım daha yaxşı idi. Çünki həmin dövrdə həvəsi olanlar, sinəsinə döyənlər çox idi ki, nəsə nəticə əldə edəcəklər. Meydan onlara verilib ki, nəticə əldə etsinlər".
Etibar Məmmədov Əbülfəz Elçibəy və İsa Qəmbərlə yollarının ayrılmasının səbəbini belə izah edib:
"1991-ci ilin avqustunda Xalq Cəbhəsinin birinci qurultayı ərəfəsində mən yenə də təkliflə çıxış etdim ki, qurultayda dəyişiklik lazımdır. Biz müstəqil dövlətin yaradılmasını proqram kimi bu qurultayda qəbul etməliyik. Onlar yenə də bunun əleyhinə çıxdılar və mən elan etdim ki, Xalq Cəbhəsindən ayrılıram. İki ay sonra, oktyabrda müstəqillik reallaşdı, onların iddialarının səhv olduğu isə faktiki olaraq təsdiqləndi. İki ay əvvəl öz qurultaylarında müstəqilliyi proqram kimi qəbul etmədilər, ancaq mənim fikrim o idi ki, vaxtında qəbul olunsaydı və sonradan demokratikləşməyə biz mərhələ-mərhələ keçsəydik, bu daha yaxşı nəticələr verə bilərdi. Sonra isə onların hakimiyyəti demokratik prinsiplərlə idarə edəcəyi vəd olunsa da, vədlərini həyata keçirməyə hazır olmadıqları göründü".
"Siyasətdən getdikdən sonra hansı işlərlə məşğul oldunuz" sualına siyasətçi belə cavab verib:
"Hazırda təqaüddəyəm, bununla bağlı hansısa problemim yoxdur. Nəvələrlə də məşğul oluram. Çox istəyərdim ki, təcrübə və imkanlarımdan faydalansınlar, ancaq istəmirlərsə özləri bilər".
Şərhlər