Ölkə 23:40 23.02.2023

Ev sahibi “Anar Basqallı” ləqəbli oğrunu zirzəmidə tutdu

1987-ci il təvəllüdlü Şamaxı rayon sakini, topladığı metal əşyaların satışı ilə məşğul olan "Anar Basqallı” ləqəbli şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, həmin şəxs Şamaxı şəhəri, Şərifzadə küçəsində yerləşən, yaşayış olmayan evin zirzəmisinə qanunsuz daxil olmaqla, oradan dəyəri 300 manat olan 1 ədəd samovarı oğurlayıb.

"Anar Basqallı” həmçinin Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsindəki evin həyətindən dəmir masa (dəyəri 70 manat), 9 ədəd armatur (36 manat), 1 ədəd dəmir barmaqlıq (130 manat), 3 dəmir pəncərə setkası (120 manat), 2 ədəd dəmir list (30 manat) oğurlayaraq satıb. 

O, son olaraq Hüseyn adlı şəxsin zirzəmisindən oğurluq edərkən yaxalanıb. Ev sahibi "Anar Basqallı"nın zirzəmidə gizləndiyini görüb, orada nə etdiyi, həyətə necə girdiyini soruşub. O isə gizlənmək üçün zirzəmiyə girdiyini, qonşu ilə onun evinin arasındakı boş sahədən keçdiyini deyib. Bundan sonra ev sahibini kənara itələyərək, qaçıb.

Hüseyn də polisə şikayət etdikdən sonra onun digər cinayət əməllərinin də üstü açılıb. 

Məhkəmənin qərarı ilə "Anar Basqallı" Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 8 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Əhməd