Abşeron rayonunun Xırdalan şəhərində yerləşən mənzildən oğurluq edən xadiməyə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1980-ci il təvəllüdlü Zülfiyyə H. adlı qadın, Xırdalan şəhərindəki çoxmərtəbəli binanın 15-ci mərtəbəsində yaşayan Nuranə adlı qadının evindən külli miqdarda pul oğurlayıb. O, mənzildən ümumilikdə 17.340 manat dəyərində - 10.200 ABŞ dolları və 3.000 manat məbləğində pul aparıb. Daha sonra həmin vəsaiti şəxsi borclarını ödəmək üçün xərcləyib.
Araşdırmalar zamanı məlum olub ki, Zülfiyyə hadisə baş verən gecə, saat 01:00 radələrində xadimə kimi çalışdığı evə oğurluq məqsədilə daxil olub. O, ev sahibəsinin həmin vaxt gecə klubunda olduğunu bildiyi üçün bu fürsətdən istifadə edib.
Təqsirləndirilən şəxs tanımadığı bir taksi ilə evə gəlib və əvvəlcədən Nuranənin çantasından oğurladığı açarla mənzilin qapısının üst qıfılını açaraq içəri daxil olub. Yataq otağında yerləşən güzgülü dolabdan pulları götürərək, evi tərk edib.
Məhkəmənin hökmünə əsasən, Zülfiyyə H.-ya 2 il 2 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. O, bu müddət ərzində elektron qolbaqla nəzarətdə saxlanılacaq.
Aydın
Şərhlər