Xəbər lenti

Evdən deyil, eldən-obadan gedən...
Ölkə08:46 13.12.2021

Evdən deyil, eldən-obadan gedən...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün tanınmış ziyalı Xəyal Məmmədxanlının vəfatının bir ili tamam olur.
13 dekabr, 2020-ci ildə COVİD-19 daha bir ömrü yarımçıq qoydu.
Həmin gün Xəyal Məmmədxanlının qəfildən bizi tərk etdiyi xəbərini aldıq.
Tanınmış ziyalı, iş adamı, sığorta mütəxəssisi və təlimçisi, bir sıra sığorta şirkətlərində rəhbər vəzifələrdə işləmiş Xəyal Məmmədxanlının ölüm xəbəri bir anda sosial şəbəkələrdə yayıldı.
Biz onu o qədər güclü sayırdıq ki… 
Xəyal Məmmədxanlının koronavirusa yoluxduğu və vəziyyətinin ağır olduğu bildirilirdi.
Onu tanıyan hər kəs sağalması üçün dua edirdi.
Artıq onun yoxluğunun bir ilini qeyd edirik. 
Bir ildir, ailəsi və dostları Xəyalsız günlərinin ağrı-acısı ilə yaşayır. 
Xəyal Məmmədxanlı ancaq evdən deyil, eldən-obadan gedənlərdən idi. O, cəmiyyəti həmişə öz yeni işləri və layihələri ilə bağlı məlumatlandırırdı.
 Həmçinin, Məmmədxanlı Azərbaycan sigorta sektorunun ən fəal qurucularından idi. 
Yorulamadan, gecə-gündüz öz gələcək planlarını qururdu. İnsanlara haqsızlıq edənlərə qarşı barışmaz idi. Media nümayəndələrinə verdiyi açıqlamalarında, müsahibələrində  öz fikirlərini açıq söyləyirdi.
Xəyal Məmmədxanlı "Mətbuat günü” münasibəti ilə hər il jurnalistlər üçün mediatur təşkil edirdi. İlk olaraq o təbrik edirdi jurnalistləri. 
Mən onu 10 ildən artıq müddət idi tanıyırdım. Qısa ömrünü təmiz, çox şərəflə yaşadı. Bütün müsbət keyfiyyətləri özündə formalaşdıran, vətənpərvər, dürüst, istedadlı, pozitiv bir insan…
Milli Məclisə seçkilərdə namizədliyini irəli sürən Xəyal Məmmədxanlı fəqrli layihələri ilə, çıxışları ilə fərqlənsə də, millət vəkili ola bilmədi.
Amma o hər zaman millətin vəkili idi. Xarici ölkələrdə işləmək imkanı olsa da, Vətənində yaşamağı hər şeydən üstün tutdu. Hətta seçki ərəfəsində çıxışı zamanı dedi ki, mən övladlarımı xaricdə deyil, öz vətənimdə oxutduracağam. Lakin bu arzusu da ürəyində getdi. 2 az yaşlı qızı ondan yadigar qaldı.
Həmişə harasa tələsirdi…
Bu qədər enerji ona ancaq Allah tərəfindən hədiyyə oluna bilərdi. 
O hər gününü yaxınları, dostları ilə bölüşürdü. 
Ölkədə baş verən hadisələrlə bağlı çoxlu statuslar yazaraq, paylaşımlar edirdi. 
Həmçinin, tez-tez televiziyada verilişlərə dəvət olunurdu və çıxışları izləyicilər tərəfindən maraqla qarşılanırdı. 
44 günlük müharibə dönəmində isə Xəyal Məmmədxanlı daha aktiv idi.
Hər həftə sonu müharibədə ən ehtiyac duyulan sovqatları dostları ilə birlikdə toplayır, müharibə gedən zonalara səfər edirdi. Hər dəfə Qarabağa səfəri zamanı onun canlı yayımını izləyirdik.
 Qardaşı İlqar Məmmədxanlı da Qarabağ müharibəsində şəhid olmuşdu. Vətənə sevgi ailədə formalaşır. 
Xəyal Məmmədxanlı COVİD-19-dan qorunmaq əvəzinə, sağlamlığını təhlükəyə ataraq arxa cəbhədə öz fəallığı ilə seçildi. 
Hamıya COVİD-19 dan "özünüzü qoruyun, maska taxın” deyirdi. Lakin özü bu xəstəliyin qurbanına çevrildi. Qələbənin sevincini sevə-sevə yaşaya bilmədi. 
Onu itirməmişdən əvvəl isə sosial şəbəkədə yazışmalarımız oldu.
Xəyal bir çox dostlarımızla qələbəni Naxçıvanda qeyd edəcəyimizi bizə söz vermişdi.
Hər dəfə yadıma düşəndə ürəyim parçalanır. Heyif, sənin kimi insanı itirdik! 
Xəyal Məmmədxanlı müharibədə döyüşməsə də, arxa cəbhədə Vətən  yolunda özünü şəhid etdi. 
Ailə üzvləri onun adına anım mərasimi təşkil edərək, dostlarını, media nümayəndələrini bir araya gətirdi. 
Mərasimdə Xəyal Məmmədxanlıya həsr olunmuş 19 dəqiqəlik avtobioqrafik sənədli filmin təqdimatı keçirildi.
Film nümayişindən əvvəl Vüqar Məmmədxanlı anım mərasimində  iştirak edənlərin hamısına təşəkkürünü bildirdi.
Bundan sonra Xəyal Məmmədxanlı haqqında öz  xatirələrini paylaşan dostlar, jurnalistlər danışdılar.
Mərasim bitdikdən sonra isə ailəsi və dostları onun qəbrini ziyarət edərək, üstünü gül dəstələri ilə bəzədilər!
Ruhun şad olsun! Məzarında rahat yat, əziz dostum!  
Biz sənin xəyallarını gercəkləşdirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik! 
Gülnarə Əmirqızı
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/-izhfI3OaiQ" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen=""> <iframe width="560" height="315" src="https://www.youtube.com/embed/RrljFUFhtcI" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">