"Everton"un hücumçusu Dominik Kalvert-Levin maraqlı geyimi ilə gündəmə gəlib.
Qaynarinfo "The Sun"a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu "Homme Plus" jurnalının üz qabığı üçün "məktəbli qız" geyimində foto çəkdirib. "Dəb dəlisi" olan futbolçu çəkdirdiyi foto ilə ətrafını təəccübləndirməyi bacarıb. O, jurnalın üz qabığı üçün çəkilişlərdə ağ nöqtəli köynək, blazer, qara qalstuk və yubka geyinərək poza verib. Bu görünüşü stilist Harri Lambert dizayn edib.
O, fotodan sonra tvitterdə tənqidlərlə üzləşib. Bununla belə onun tərəfini saxlayanlar və bu durumu normal qarşılayanlar da olub.
Futbolçu isə "The Face" jurnalına açıqlamasında bunları deyib: "Bir futbolçu kimi sən çox rejimdəsən və hər gün eyni şeyi edirsən. Bu azadlıqdır. Heç bir səbəb olmadan kostyum geyinmək istəyirsənsə, niyə də olmasın?”
Kalvert-Levin 2019-cu ildə komanda yoldaşı Tom Deyvislə birlikdə Nyu-Yorkda moda həftəsində iştirak etmişdi. O, "Homme Plus"un üz qabığı üçün seçilən ilk futbolçu deyil. "Tottenhem"in ulduzu Son Henq-Min əvvəlki nəşrlərin birində əlində xoruz tutaraq poza vermişdi.