Xəbər lenti

Ey AFFA, belə məşqçi nəyimizə lazımdır?
İdman12:51 11.09.2021

Ey AFFA, belə məşqçi nəyimizə lazımdır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əsas millimiz sentyabrda keçirdiyi 3 oyunda o qədər də uğurlu nəticələrlə yadda qalmadı. Həmişəki və öyrəşdiyimiz kimi, yenə oyunlardan əvvəl ümidləndik, danışdıq, daha sonra tənqid etdik və diqqətimizi ölkə çempionatına yönəltdik. Sanki heç nə olmayıbmış kimi davranmağımız əslində bizi heç təəccübləndirmir də. "Yığmadı də, həmişəki kimi uduzur” deyib keçirik. Artıq ümidlərimiz də yoxdur. Zatən son oyunlardan sonra DÇ-2022-nin seçmə mərhələsinə yüksəlmək şansımız da qalmayıb. Ona görə siklin qalan oyunlarındakı nəticələr bizi o qədər də həyəcanlandırmayacaq. Məğlubiyyətə uğrasaq, öyrəncəliyik kimi davranacağıq, qələbə qazansaq, yenə ümidi itmiş futbolsevərlər olaraq yolumuza davam edəcəyik. Hə, müəyyən zaman ərzində, məsələn, qələbə qazananda sevinə, hətta tərif deyə də bilərik. Hər halda oyun zamanı belə emosiyaları daxilimizdə gizlətməyimiz mümkün deyil. Sonradan "Nəyə nail olmuşuq?”, "Əcnəbi baş məşqçilərimiz nə etdi ki?” kimi suallar yada düşdükdə isə, o kiçik zaman ərzindəki sevincimiz, həyəcanımız da tamamilə itəcək...

 

Əsas milliyə əcnəbi baş məşqçinin rəhbərlik etməsini haradasa anlamaq olar. Dünyanın bütün ölkələrində belə təcrübə var. Normaldı, çünki nəticə tələb olunur. Deməli, baş məşqçi postunda iddialı birisi olmalıdır. Ancaq bu, o demək deyil ki, elə hər yoldan keçəni gətirib baş məşqçi postuna dürtməlidirlər. Ölkədə millini çalışdıra biləcək kifayət qədər yerli mütəxəssis var. Hansı ki, De Byazinin nəticələrini təkrarlaya, hətta daha çox xallar qazana bilər. Ancaq təəssüf ki, belələrinə şans yaratmırlar. AFFA-nın əcnəbi sevgisi, yerli məşqçilərə düşmən münasibət göstərməsi isə bir başqa mövzudur.

 

Gəlim sözümün canına. Artıq hər kəsin beynində bu sual fırlanır - Azərbaycanda U-21-ə əcnəbi məşqçi lazımdırmı? İki ildir ki, ölkəmizdə olan Milan Obradoviç ciddi nəticələr qazana bilməyib. Elə aşağıdakı fotoda da bunu aşkar şəkildə görə bilərsiniz. 2019-cu ildən bəri Azərbaycanın büdcəsindən "yeyən” baş məşqçi qazandığının qarşılığını verə bilməyib. Qarşılığını verə bilməmək bir yana, heç qol sayında da özündən əvvəlki baş məşqçi Rəşad Sadıqovdan ciddi şəkildə fərqlənməyib.

 

Maraq üçün kiçik bir araşdırma apardım. Bildiyiniz kimi Sadıqov U-21 millisini 2018-ci ildə, yəni cəmi bir sikl çalışdırıb. Daha doğrusu, AFFA ona cəmi bir sikldən artıq işləməyə şərait yaratmayıb. Amma Azərbaycan futboluna dərindən bələd olan Rəşad bəy işlədiyi müddətdə yaxşı komanda formalaşdırmışdı və gələcəyə dair böyük ümidlər yaratmışdı. Məsələn, komanda demək olar hər oyunda qol vurmağı bacarırdı. Təsadüfi deyil ki, Sadıqovun işlədiyi müddətdə U-21-in hesabında 7 qol var idi. Ümumi baxanda və başqa ölkələrlə müqayisə edəndə az görünə bilər. Amma hazırda "Zirə”ni çalışdıran veteran futbolçunun cəmi bir sikl işlədiyini nəzərə alsaq, bunu normal qarşılamaq mümkündür.

 

İndi gəlin Obradoviçin nəticələrinə diqqət yetirək. Serbiyalı mütəxəssis artıq ikinci sikldir ki, millini meydana çıxarır. Ancaq nə ümid verir nə inam. Bununla yanaşı komandada məğlub psixologiyası yaranıb. Obradoviçin topladığı kollektiv 2 il ərzində cəmi 8 qol vura bilib ki, bu oyunların ikisində böyükhesablı yenilgi də (2019-cu ilin oktyabrında Fransaya 0:5, bir neçə gün öncə isə Avstriyaya 0:6 hesablı məğlubiyyət) görüblər. Bu da onu göstərir ki, 2019-cu ildən Azərbaycanda məşqçilik edən Obradoviç havayı pullar qazanmaqla məşğuldur. Bəs belə olan halda niyə hələ də baş məşqçi postundadır? Nə üçün Sadıqova göstərilən münasibət ona da göstərilmir? Sadıqovla nəticələrə görə yollar ayrılıbsa, serbiyalı mütəxəssis eyni məntiqlə çoxdan göndərilməli idi. Əminliklə deyə bilərəm ki, Obradoviçin yerində istənilən yerli məşqçimiz çalışsaydı, eyni nəticələri göstərməkdə çətinlik çəkməzdi. İndi mən də bir sual verim. Ey AFFA, belə məşqçi nəyimizə lazımdır?

Milan Obradoviçin nəticələri: 

 

Rəşad Sadıqovun nəticələri:

 

Qeyd: Oyunların nəticələri AFFA-nın rəsmi saytından götürülüb. 

Səbuhi Həsənov