Xəbər lenti

Eyni xəstəxanada 3 ayda iki ana ölümü - Çox deyilmi?
Ölkə08:38 05.02.2015

Eyni xəstəxanada 3 ayda iki ana ölümü - Çox deyilmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 2-dən 3-nə keçən gecə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində daha bir ana ölümü qeydə alınıb. İllərdir bu problem ətrafında danışılır, müzakirələr aparılır, mətbuatda məlumatlar dərc edilir. Ancaq yenə bu sahədə statistika həyəcanverici olaraq qalır.
Məlumat üçün bildirək ki, Lənkərandakı faciəvi olay zamanı həyatını itirən 29 yaşlı qadının 3-cü hamiləliyi olub. Körpənin vəziyyəti qənaətbəxş olsa da, həmin körpə ana nəvazişindən, qayğısından ömürlük məhrum oldu. Qeyd edək ki, adıçəkilən xəstəxanada 24 oktyabr 2014 tarixində də ana ölümü baş verib. Maraqlıdır, doğuş zamanı ana və uşaq ölümlərinə son qoyulması üçün hansısa tədbirlər görülür və bunun səbəbləri araşdırılırmı?
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Lənkəran rayonunda baş verən sonuncu ana ölümü ilə bağlı artıq araşdırma aparıldığını bildirib: “Artıq ölümlə bağlı sənədlər Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasına daxil olub. Ölənin cəsədi də tibbi ekspertizaya verilib. Mərhum Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çox ağır vəziyyətdə daxil olub. Həmin xanım Cəlilabad rayonundan olub. Onun evdə qanaxması başladığı üçün Lənkərana gətiriblər və dərhal əməliyyata başlayıblar. Əməliyyat nəticəsində uşağı xilas etmək mümkün olub, ancaq ana qan itirmədən dünyasını dəyişib. Həmin xəstəxanada 2014-cü ildə də ana ölümü baş vermişdi. Araşdırma aparılan zaman məlum olmuşdu ki, həmin qadının başında şiş olub. Həmin şişin fəsadlarına görə o hadisə baş vermişdi. Bu məsələ haqda da geniş araşdırma işi aparılıb. Bu hadisədə də həkimin səhvi olmayıb”.
A.Qədirli ümumilikdə ana və uşaq ölümlərinin sayının azaldığını bildirdi: "Yəni hələlik artma müşahidə olunmur. Amma onu deyə bilərəm ki, baş verən ana və uşaq ölümlərinin çoxu patologiya ilə bağlıdır. Patologiyaların vaxtlı-vaxtında qarşısını almaq lazımdır. Hamilə qadınlar hamiləlikdən əvvəl səhhətləri ilə əlaqədar hansısa problemləri varsa, həkim nəzarətində olmalıdırlar".
Tibb elmləri doktoru, professor Adil Qeybulla hamiləliyin 90 faizdən çoxunun patologiya ilə baş verdiyini deyib: “Hər bir situasiya və ölüm faktı araşdırılmalı və səbəbləri tapılmalıdır. Bu araşdırmalar nəyinsə xatirinə, kiməsə görə formal olaraq yox, obyektiv şəkildə olmalıdır. Çünki burada məqsəd peşəkarlıqla və yaxud da proseslə bağlı olan səbəbləri ortaya çıxartmaqdır ki, həkimin səhvi ucbatından olan səbəblər öndədir, yoxsa digər səbəblər var? Çünki təcrübə göstərir ki, bu gün Azərbaycanda normal fizioloji standartlarla, parametrlərlə gedən hamiləliyə rast gəlinmir. Hamiləliyin 90 faizdən çoxu patologiya ilə baş verir. Buna döl suyunun bulanması, hansısa infeksiyanın olması və sairə patoloji səbəbləri misal gətirmək olar. Biz bu kimi halları müayinələrdə tez-tez görürük”.
Qadınların hamiləliyə qədər müayinədən keçməsinin vacib olduğunu vurğulayan professor xroniki xəstəlik daşıyan qadınların hamiləliyinin böyük risk olduğunu bildirib: “Hamiləliyə qədər qadınlar mütləq yoxlanmalıdır. Qadınlar bəzən xroniki xəstəlikləri, böyrək çatışmazlıqları ola-ola hamilə qalırlar. Axı belə xəstə olan qadının hamilə qalması üçün tibbi göstəriş yoxdur. Təbii ki, bu artıq ilkin olaraq böyük risk yaradır. Hamiləliyin müəyyən mərhələsində isə böyrəklər tamamilə sıradan çıxa bilər. Bu da doğuşun özünü sual altında qoyur. Yəni dediyim odur ki, bizim bu vəziyyətdən çıxış yolumuz ayrı-ayrı həkimləri cəzalandırmaq və yaxud da süni şəkildə hansısa tədbirlər görməkdən ibarət olmalı deyil. Hər bir hadisə obyektiv araşdırılmalı, bunların məcmusu olaraq hansı səbəblərdən ana və uşaq ölümlərinin baş verdiyi araşdırılmalı və bundan sonra tədbir görülməlidir. Əgər peşəkarlıqla bağlı və yaxud da qadınların müayinəsi, diaqnostikası, doğuşu ilə bağlı problemlər varsa, orada korrektlər olmalıdır. Ən birincisi isə klinik protokollar tərtib olunmalıdır. Bu gün dünyanın hər yerində Ümumdünya Səhiyyə Təşkilatının klinik protokolları var. Hamilə qadınlar o klinik protokollara uyğun müayinə edilməlidir. UZİ-dən keçməli, hansı infeksiyalar yoxlanılmalı, hansı müayinələr olmalıdır deyə qeyd edilib. Bütün bunlara əməl olunsa, ölüm halları da aradan qalxar”.//"Yeni Musavat"
Qaynar.info