Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş verən yanğınla bağlı ölkədə yağın bahalaşacağı və bu məhsulun marketlərdə azalacağı ilə bağlı məlumatlar yayılır. Bəs real vəziyyət necədir? Yanğın səbəbindən ölkədə yağ qıtlığı gözlənilirmi?
İddialarla bağlı Qaynarinfo-ya açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri, ekspert Eyyub Hüseynov bildirib ki, yanğın yağ zavoduna heç bir ziyan vurmayıb:
"Mən bu məsələ ilə bağlı dəqiqləşmə apardım. Məlum oldu ki, yanğının yağ zavodu ilə heç bir əlaqəsi olmayıb və yağ ehtiyatları saxlanılır. Zavodda, ümumiyyətlə, yanğın olmayıb. Yanan ərazi zavoddan 3-4 km aralıda yerləşən tamam başqa müəssisədir. Yağ olan anbara zərər dəyməyib, yəni yanğın ora keçməyib. Üstəlik, biz 4 gün əvvəl İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbəsinin əməkdaşları ilə görüşdük. Məlum oldu ki, Azərbaycanda kifayət qədər yağ ehtiyyatı var. Hökümət duru yağın və kərə yağın qiymətinin qalxmaması üçün lazımi tədbirlər görür. Başqa ölkələrlə də danışıqlar aparılır.
Düşünürəm ki, Azərbaycanda yağ difisiti məsələsi yaşanmayacaq. Yəni istər duru, istərsə də kərə yağı ilə bağlı insanların heç bir çətinliyi olmayacaq. Hamını ən çox narahat edən məqamlardan biri də qiymət artımı ilə bağlıdır ki, bu da gözlənilmir. Heç kim panikaya düşməsin. Azərbaycanda kifayət qədər yağ ehtiyyatı var və bunun üçün də hökümət lazımi tədbirlər görür. Eləcə də hazırda biznes qurumları ilə effektli danışıqlar aparır. Başqa ölkələrdən idxalla bağlı problem yaranarsa, hökümət tərəfindən də dəstəklənəcəklər".
Eyyub Hüseynov həmçinin vətəndaşların bu məhsulları evlərə alıb, evlərinə yığmasının əleyhinə olduğunu bildirib.
Xatırladaq ki, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın aprelin 28-i, saat 17:00 radələrində başlayıb. Alov təxminən beş min kvadratmetr sahəni əhatə edib. Fövqəladə Hallar Nazirliyinin (FHN) gördüyü tədbirlər nəticəsində yanğın 29 aprel, saat 08.24-də tamamilə söndürülüb.
Gülnarə Əmirqızı