Xəbər lenti

Faiq Həsənov məsuliyyəti boynundan atdı: "O işlərlə Mahir Məmmədov məşğul olur"
İdman13:08 27.12.2016

Faiq Həsənov məsuliyyəti boynundan atdı: "O işlərlə Mahir Məmmədov məşğul olur"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaxınlarda Şahmat Bəstəçiliyi Komissiyasının sədri, bəstəçilik üzrə yığmamızın baş məşqçisi İlham Əliyev və bəstəçiliyin tərtib növü üzrə Azərbaycanı təmsil edən Kənan Vəlixanov bir-birlərini müəyyən məsələlərdə ittiham etmişdilər.

Bununla belə, hər 2 şəxs Azərbaycan Şahmat Federasiyasının bostanına daş atmağı da yadırğamamışdı. Belə ki, onlar bəstəçilik üzrə nəticələrin olmasına baxmayaraq, federasiyanın onları yarışa göndərmədiyini, şahmatçılara nisbətən bu sahəyə az diqqət ayrılmasından və bu nəticələrə sanki qısqanclıqla yanaşılmasından danışmışdılar.

Qaynarinfo.Az xəbər verir ki, sport7.az bu dəfə Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənova tribuna vermək qərarına gəlib. Axı, federasiya prezidenti Elman Rüstəmov bu qurumda ən çox tapıldığı üçün bütün işləri Faiq bəyə tapşırıb.

Ancaq Həsənov birmənalı şəkildə qeyd etdi ki, bəstəçilik millimizin üzvlərinə maddi dəstək verilməsi onun səlahiyyətinə aid deyil: "Kim ki deyirsə ki, federasiyada bütün səlahiyyətlər mənim ixtiyarımdadır, səhv deyir. Mən federasiyada sadəcə vitse-prezidentəm və şahmatçıların nəticələrinə görə məsuliyyət daşıyıram. Bəstəçilik üzrə millimizlə federasiyanın digər vitse-prezidenti Mahir Məmmədov məşğul olur. Çünki o özü də şahmat bəstəçiliyi ilə məşğul olub. Bu sahəni bilir. Onların yarışa göndərilməsinin maddi tərəfini də Mahir müəllimlə Gənclər və İdman Nazirliyi qarşılayır. İlham Əliyev bunu yaxşı bilir və buna görə heç vaxt mənə şikayət etməyib. O ki qaldı Kənan Vəlixanovun mənim barəmdə işlətdiyi cümlələrə, ona cavab verməyi lazım belə bilmirəm. Bir adam ki özünü Şahmat Olimpiadasının qalibi, Olimpiya çempionu adlandırır, mən ona nə cavab verim?! O sadəcə Şahmat Olimpiadasına həsr olunmuş bəstəçilik yarışının qalibi olub".

Yeri gəlmişkən, Faiq Həsənovdan Bakıda keçirilmiş Şahmat Olimpiadasında zəif çıxışın səbəbini də öyrəndik. O bunun hər hansısa bir səbəbinin olmadığını bildirdi: "Mənim xoşuma qızlar millisi gəldi. Qızlar üzrə 1-ci komandamızın VIII yeri tutması gözlədiyimizdən də yaxşı nəticədir. Ancaq təbii ki, oğlanlar üzrə millimizdən belə nəticə gözləmirdik (XII yeri tutublar - red.). Bunun hansısa səbəbi yoxdur. Komanda bir dəfə yaxşı çıxış edər, bir dəfə pis. Bu, komanda oyunudur. Zəif çıxışa görə hansısa şahmatçını cəzalandırmaq düzgün metod deyil".

Faiq Həsənov Qətərin paytaxtı Dohada start götürən rapid və blits üzrə dünya çempionatında idmançılarımızdan uğurlu nəticə gözlədiklərini də qeyd etdi: "Müəyyən səbəblərdən Qədir Məmmədov və Eltac Səfərli dünya birinciliyinə qatıla bilmədi. Lakin digərləri əsas şahmatçılarımızdır. Bu üzdən Qətərdən şahmatçılarımızın yaxşı nəticə ilə qayıdacağını gözləyirik".

Qaynarinfo.Az