
Hazırda ölkəmizdə rəsmi qeydiyyatan keçən 77 idman federasiyası var. Bunlardan 49-u qeyri-olimpiya, 28-i isə Olimpiya idman növləri üzrə federasiyalardır.
Qaynarinfo.Az bunlardan bəzilərinin rəhbərlərini və ünvanlarının harda yerləşməsini araşdırıb.
Olimpiya idman növləri üzrə federasiyalar
1. Azərbaycan Futbol Federasiyaları Assosiasıyası (AFFA) - 2008-ci il martın 14-dən AFFA-nın prezidenti Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti, millət vəkili Rövnəq Abdullayevdir. Assosiasiyanın əvvəlki prezidentləri Fuad Musayev (1991-2002) və Ramiz Mirzəyev (2003-2007) olub. Fuad Musayevdən sonra qurumun ofisi Nobel prospektinə, keçmiş "Luna Park"ın yanına köçürülüb. Bu assosiasiyanın daxilində Çimərlik Futbolu və Futzal Federasiyaları da fəaliyyət göstərir.
2. Otüstü Hokkey Federasiyası - Vergilər naziri Fazil Məmmədov başçılıq edir. Federasiyanın “Excelsior” otelinin ərazisində Otüstü Hokkey Kompleksi və ofisi olsa da, qurum demək olar ki, fəaliyyət göstərmir. Ötən il bu federasiyanın mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyev bildirib ki, iyulun 1-dən yığma komanda və bütün komandalar buraxılıb. Həmin vaxt həmçinin o da bildirilib ki, federasiyanın idmançılar, məşqçilər və digər texniki heyət üzvlərinə 50 min manata yaxın borcu var.
3. Voleybol Federasiyası - Hazırda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov qurumun prezidentidir. O, oktyabrda bu postda nəqliyyat naziri Ziya Məmmədovu əvəzləyib. Cavid Qurbanovun prezidentliyi dönəmində 2017-ci ildə Gürcüstanla birgə Azərbaycanda ilk dəfə Avropa çempionatı keçiriləcək. Federasiyanın ofisi uzun müddətdir ki, Sahil metrosu yaxınlığındakı binada yerləşir.
4. Həndbol Federasiyası - Burda da yeni prezident var. Sabiq İqtisadi İnkişaf naziri Heydər Babayevin fəaliyyətsizliyi onun qurumun rəhbəri postundan uzaqlaşdırılmasına səbəb olub. Baxmayaraq ki, rəsmi olaraq Heydər Babayevin öz istəyi ilə ərizə yazdığı qeyd olunub. Nəticədə bu ayın ilk günündə "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov bu quruma prezident seçilib. Qurumun ofisi vaxtı ilə Heydər Babayevə məxsus olduğu deyilən "ABU-Arena" İdman Kompleksindədir.
5. Basketbol Federasiyası - Prezident Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (indiki adı ilə Əmlak Məsələləri Dövlət Komitəsi - red.) sabiq sədri Nadir Nəsibovdur. Qurumun ofisi Firuzə Biznes Mərkəzində yerləşir.
6. Güləş Federasiyası - 2007-ci ilin martından quruma Vergilər naziri Fazil Məmmədov başçılıq edir. Bu federasiyanın ofisi Zərifə Əliyeva küçəsi, 55-də yerləşir. Ancaq federasiyanın məşq mərkəzi Fazil Məmmədova məxsus olan "Excelsior" otelinin qarşısındadır.
7. Boks Federasiyası - 2009-cu il yanvarın 23-dən bu qurumun prezidenti o vaxt Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovdur. O bu postda uzun müddət Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru olmuş, Milli Olimpiya Komitəsinin (MOK) baş katibi, millət vəkili Ağacan Abiyevdən təhvil alıb. Abiyev isə hazırda federasiyanın I vitse-prezidentidir. Federasiyanın ofisi əvvəl Akademiyanın binasında olsa da, Kəmaləddin Heydərovun gəlişindən sonra federasiya üçün "Amay" Ticarət Mərkəzi və Kəmaləddin Heydərova məxsus "Qafqaz Baku Sport" otelinin yanında ayrıca bina tikilib. Bu binada həmçinin məşqlər keçirmək üçün şərait yaradılıb.
8. Cüdo Federasiyası - Ötən ilin sentyabrında bu quruma da SOCAR prezidenti Rövnəq Abdullayev prezident seçilib. O bu postda keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovu əvəzləyib. Abdullayevin gəlişindən sonra eniş yaşayan cüdoda yenidən dirçəliş yaranıb. Ofis isə Füzuli Ələkbərova məxsus "İmproteks" şirkətlər qrupunun ofisindən Qaraçuxur qəsəbəsinə köçüb. Daha doğrusu, bu ofis "Neftçi" İdman Klubuna məxsusdur. Sadəcə olaraq, bu İctimai Birliyin İdarəetmə Aparatının rəhbəri "Neftçi" Peşəkar Futbol Klubunun sabiq prezidenti Sadıq Sadıqovdur. O hazırda həm də Cüdo Federasiyasında vitse-prezident işlədiyindən, əlavə ofis götürülməsinə ehtiyac duyulmayıb.
9. Atıcılıq Federasiyası - Federasiya prezidenti Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovdur. Qurumun ofisi Lermontov küçəsi, 68-də yerləşir. Əsas atıcılıq bazası isə Biləcəri qəsəbəsində yerləşən Stend Atıcılığı İdman Kompleksidir.
10. Gimnastika Federasiyası - Ölkə başçısı İlham Əliyevin həyat yoldaşı, Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban Əliyeva 2002-ci ildən bu quruma rəhbərlik edir. Onun rəhbərliyi dönəmində Koroğlu metrosunun yaxınlığında, Heydər Əliyev prospektində yerləşən Milli Gimnastika Arenası tikilib. Qurumun ofisi də məhz burda yerləşir.
11. Taekvondo Federasiyası - Quruma 2001-ci ildən Fövqəladə Hallar naziri (o vaxt Dövlət Gömrük Komitəsinin sədri idi - red.) Kəmaləddin Heydərov başçılıq edir. Qurumun ofisi Kəmaləddin Heydərova məxsus "Qafqaz Park" otelində yerləşir.
12. Ağır Atletika Federasiyası - Bu quruma 1996-cı ildən "Azərbaycan Hava Yolları" Dövlət Konserninin (AZAL) prezidenti Cahangir Əsgərov başçılıq edir. Qurumun rəsmi ofisi Azadlıq prospektində yerləşsə də, faktiki ünvanı Xırdalanda, AAAF Parkın ofisidir. Ünvanın məhz bu ünvanda yerləşməsi də səbəbsiz deyil. Çünki AAAF Holdinqin prezidenti Tofiq Heydərov bu il həm də bu quruma vitse-prezident təyin olunub.
13. Qılıncoynatma Federasiyası - Federasiya prezidenti 2007-ci ilin oktyabrın 11-dən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. Əvvəllər bu quruma sabiq İqtisadi İnkişaf naziri Fərhad Vəliyev və qılıncoynatmada 2 qat Olimpiya çempionu olmuş İlqar Məmmədovun atası Yaşar Məmmədov rəhbərlik edib. Yaşar Məmmədov hazırda həm də federasiyanın vitse-prezidentidir. Federasiyanın konkret ofisi olmadığından, Diasporla İş üzrə Dövlət Komitəsinin yerləşdiyi Səməd Vurğun küçəsindəki ofisi bu quruma da şamil etmək olar. Lakin vitse-prezident Yaşar Məmmədovun oturduğu yer Şəfayət Mehdiyev küçəsi, 95-dir.
14. Atletika Federasiyası - MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bura başçılıq edir. Federasiyanın konkret fəaliyyət məkanı məlum deyil. MOK-un binasını həm də Atletika Federasiyasının baş ofisi hesab etmək olar.
15. Atçılıq İdmanı Federasiyası - Quruma 2009-cu ilin martın 5-dən Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev rəhbərlik edir. 1996-ci ildə yaradılmış quruma əvvəl Bakı şəhərinin sabiq prokuroru İsa Nəcəfov bu qurumun prezidenti olub. Federasiyanın ofisi əvvəl "Sərhədçi"də yerləşirdisə, indi Binə Atçılıq Mərkəzindədir.
16. Milli Avarçəkmə Federasiyası - Bu quruma yarandığı gündən “İtaldizain” Şirkətlər Qrupunun baş direktoru Elçin Zeynalov başçılıq edir. 2006-ci il dekabrın 9-da yaranan federasiyanın ofisi həm də Üzeyr Hacıbəyli küçəsində yerləşən "İtaldizain Group"un ofisi sayılır. Lakin bu ofisdə prezident oturur. Bu qurumun digər işçiləri Tofiq Bəhramov adına Respublika Stadionunun inzibati binasında olur.
17. Tennis Federasiyası - Federasiya prezidenti Milli Məclisin spikeri Oqtay Əsədovdur. Qurum O. Əsədov 1996-2005-ci illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin prezidenti olduğundan, “Azərsu” Səhmdar Cəmiyyətinin binasında fəaliyyət göstərib. Lakin 2009-cu ilin mayın 5-də Bakı Tennis Akademiyasının rəsmi açılışı olmuş və bundan sonra federasiya burda fəaliyyət göstərməyə başlayıb.
18. Stolüstü Tennis Federasiyası - Quruma 2004-2013-cü illərdə keçmiş Kənd Təsərrüfatı naziri İsmət Abasov başçılıq edib. 22 oktyabr 2013-cü ildə nazir postundan ayrılıb baş nazirin müavini təyin edilərkən federasiya digər nazirə həvalə olunub. İqtisadiyyat naziri Şahin Mustafayev 3 ildir ki, bu federasiyaya rəhbərlik edir. Federasiyanın ofisi əvvəl Dərnəgül qəsəbəsində yerləşən Elm və Tədqiqat Kənd Təsərrüfatı İnstitutunda yerləşsə də, indi AZURE Bizness Mərkəzindədir.
19. Badminton Federasiyası - Ötən ilin iyunun 17-dək federasiya prezidenti Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla olub. Həmin tarixdən isə Təhsil naziri Mikayıl Cabbarovdur. Federasiyanın ofisi əvvəl Bakı Slavyan Universitetində idisə, indi Təhsil Nazirliyi sayılır.
20. Üzgüçülük İdmanı Federasiyası - Quruma 2012-ci ilin iyulundan etibarən millət vəkili, Gəncə Regional Futbol Federasiyasının prezidenti, Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev rəhbərlik edir. O bu postda Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovu əvəzləyib. Federasiyanın ofisi Rəşid Behbudov, 32-də yerləşir.
21. Yelkənli İdman Federasiyası - Federasiya prezidenti 2014-cü ilin fevralın 28-dən Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanovdur. Ondan əvvəl isə 1994-2013-cü illərdə Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi işləmiş Aydın Bəşirov prezident olub. Qurumun ofisi Üzeyir Hacıbəyli, 64-dədir.
22. Kamandan Oxatma Federasiyası - Quruma “AS İnvestment Group” şirkətinin prezidenti Şahin Mövsümov rəhbərlik edir. Ofis Xaqani küçəsi, 24-dür.
23. Velosiped İdmanı Federasiyası - 2011-ci ilin avqustundan federasiya prezidenti Vergilər naziri Fazil Məmmədovdur. Əvvəl isə “Velotrek”in direktoru Həsən Abdullayev prezident olub. Qurumun ofisi də elə “Velotrek”də yerləşir.
24. Milli Karate Federasiyası - 2020-ci ildən karate Olimpiadada təmsil olunacaq. Bu quruma ilk gündən dünya və Avropa çempionu Yaşar Bəşirov başçılıq edir. Quruma Beynəlxalq Bank sponsorluq etdiyindən, bu bankın Heydər Əliyev prospektindəki filialında federasiyanın ofisi yerləşir.
25. Qolf Federasiyası - 2016-cı il və 2020-ci il Yay Olimpiya Oyunlarına salındığından, bu federasiya 2011-ci ildə yaradılıb və qurumun ilk və hələ ki son prezidenti Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, ZQAN Holdinqin prezidenti Anar Məmmədovdur. Federasiyanın ofisi Biləcəri qəsəbəsində, Hafiz Məmmədova məxsus olan "Bakı" klubunun stadionunun yanında yerləşir.
26. Reqbi Federasiyası - Qolf kimi bu idman növü də 2016 və 2020 Olimpiya Oyunlarına salınıb. Federasiyanın prezidenti Beynəlxalq Əməliyyat Şirkətinin əməkdaşı Eldəgiz Rəfibəylidir. Federasiyanın ünvanı Nazirlik və MOK-un yerləşdiyi Olimpiya küçəsi, 4-dür.
27. Hava və Ekstremal İdman Növləri Federasiyası - 2005-ci ildə yaradılmış bu federasiya idman dırmanması üzrə 2020-ci ildə Olimpiadasına idmançı göndərə bilər. Əvvəllər federasiya prezidenti Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov olub. Lakin 2014-cü ildə o, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasına prezident seçildiyindən, federasiyadakı namizədliyini geri götürüb və onun müavini Firdovsi Əliyev prezident olub. Federasiya Nobel prospekti, 61-də fəaliyyət göstərir.
28. Qış İdman Növləri Federasiyası - Qurumun prezidenti Rusiyada yaşayan azərbaycanlı iş adamı İsgəndər Xəlilovdur. Federasiyanın ölkəmizdə ofisi Olimpiya küçəsi, 4 ünvanı sayılır.
Qeyri-Olimpiya təmayüllü federasiyaların bəzilərinə də diqqət yetirək:
Şahmat Federasiyası - Quruma Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov başçılıq edir. Federasiyanın ofisi “Xaqani” Ticarət Mərkəzinin binasında yerləşir.
Kikboksinq Federasiyası - Quruma millət vəkili Adil Əliyev rəhbərlik edir. Federasiyanın ofisi Akademik H. Əliyev küçəsi 98v-dir.
Sambo Federasiyası - Federasiya prezidenti 2003-cü ildən 7 qat dünya çempionu Ceyhun Məmmədovdur. Federasiyanın ofisi “Gənclik” metrostansiyası yaxınlığındadır.
Uşu Federasiyası - Quruma 1995-ci ildən keçmiş idmançı, iş adamı Azər Həsənsoy başçılıq edir. Federasiyanın ofisi Füzuli, 65-dədir.
Alpinizm Federasiyası - Federasiya prezidenti keçmiş idmançı Nizami Musaqulovdur. Qurum “Alpinist” Turist-İdman Klubunun bazası əsasında fəaliyyət göstərir. Federasiyanın ofisi də klubun daxilindədir.
Bilyard İdmanı Federasiyası - Quruma iş adamı İlham Aslanov başçılıq edir. Federasiyanın ofisi “İçərişəhər” metrostansiyası yaxınlığındakı bilyard klubunda yerləşir.
Azərbaycan Qol Güləşi (Armrestlinq) Federasiyası - 2008-ci ildən federasiya prezidenti keçmiş armrestlinqçi Cəsarət Əhmədovdur. Qurumun ofisi İçərişəhərdə yerləşir.
Bodibildinq və Fitnes Federasiyası - Quruma keçmiş idmançı Rauf Bünyadəliyev başçılıq edir. Federasiyanın ofisi Nizami küçəsi, 96-da yerləşir.
Boulinq İdmanı Federasiyası - Federasiya prezidenti iş adamı İsgəndər Xəlilovun qardaşı Cavanşir Xəlilovdur. Qurum Bakı Əyləncə Mərkəzində yerləşir. Orada həm də boulinq zalı fəaliyyət göstərir.
Dama Federasiyası - Quruma tanınmış kinorejissor, “Space” telekanalının prezidenti Vaqif Mustafayev başçılıq edir. Federasiyanın Şərifzadə küçəsi, 75a-dadır. Dama yarışları Hüsü Hacıyev küçəsindəki Respublika Şahmat Klubunda keçirilir.
İdman Rəqsləri Federasiyası - Federasiya prezidenti gənclər və idman naziri Azad Rəhimovun qardaşı, iş adamı Murad Rəhimovdur. Qurumun konkret ofisi olmadığından, nazirliyin binası sayılır.
Sumo Federasiyası - Quruma keçmiş idmançı Samir Abdullayev rəhbərlik edir. Federasiyanın ünvanı Xaqani küçəsi, 10-dadır.
Milli İdman Növləri Assosiasiyası - Quruma Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının güləş kafedrasının müdiri Xanlar Qurbanov başçılıq edir. Assosiasiya nəzdində çovqan, dirədöymə, zorxana, qalaqapı-qo və digər milli idman növləri daxildir. Qurumun ofisi Fətəli xan Xoyski prospekti, 98-dir.
Motosiklet İdmanı Federasiyası - Federasiya prezidenti hələ keçmiş SSRİ dövründən motosiklet idmanı ilə bağlı müxtəlif vəzifələrdə çalışmış Kür Səfərəliyevdir. Qurumun ofisi Bəşir Səfəroğlu küçəsində yerləşir.
Universal Döyüş Federasiyası - Federasiya prezidenti keçmiş idmançı Azər Həsənovdur. Fətəli xan Xoyski, 98A qurumun yerləşdiyi ofisin ünvanıdır.
Pankration Doyüş Növləri Federasiyası - Qurumun prezidenti keçmiş idmançı Azad Əsgərovdur. Federasiyanın ofisi Xaqani 21-dədir.
Pauerliftinq Federasiyası - Quruma polis zabiti, keçmiş idmançı Ələddin Əliyev başçılıq edir. Federasiyanın ofisi T. Abbasov, 35-də yerləşir.
Kapoeyra Federasiyası - 2000-ci ildə bu federasiyanı yaradan Taleh Orucov oktyabrda Ümumdünya Kapoeyra Federasiyasının rəhbəri seçilib. Bu üzdən o, Azərbaycandakı postunu Elmar Bayramova təhvil verib. Federasiyanın ünvanı Üzeyr Hacıbəyov 21, mənzil 41-dir.
Qeyd edək ki, bunlardan başqa, Aykido, Aşixara Kaykan Karate, Budo Döyüş Növləri, Ciu-Citsu, Hap Ki Do, Ənənəvi Karate-Do, Karate-Do Kosiki Karate, "Vətən Müdafiəsinə Hazıram" Çoxnövçülüyü, Şotokan Karate-Do, Kyokuşin Karate, Kyokuşinkaykan Kontakt Karate, Şito-Ryu Karate-Do, Muay Tay-Tayboks, Turan-Do, WKC növləri üzrə Azərbaycan Karate, Səmti Müəyyənləşdirmə İdman, İdman Turizmi, Sindo-Ryu və Pençak Silat, Qoçyu-Ryu Okinava Karate-Do, Şaolin Döyüş Sənəti, Kinq-Fu, Coriyo Kinq-Fu Federasiyaları, eləcə də Döyüş Federasiyaları Assosiasiyası mövcuddur.
SƏBUHİ TOFİQOĞLU