
Bu mövsümün sonunda "Mançester Yunayted"in baş məşqçisi vəzifəsindən ayrılacağını açıqlayan əfsanəvi futbol adamı Sir Aleks Fergüsonun bilinməyən maraqlı tərəfləri də varmış.
"BBC Türkcə" servisinin hazırladığı xəbərə görə, iş həyatına texniki alətlər istehsal edən bir yerdə köməkçiliklə başlayan Fergüson daha sonra bir mağazada satıcı olub. Sonradan isə "Ferginin yeri" adlı bir bar işlətməyə başlayıb. Bu bardakı otaqların birinə isə özünün sərt futboluna işarə olsun deyə "dirsək salonu" adını verib.
Fergüson ABŞ siyasətiylə yaxından maraqlanıb. İngiltərənin keçmiş baş naziri Qordon Braun bir dəfə Fergüsona ABŞ siyasətiylə və xüsusilə Con Kennediylə bağlı 35 CD göndərib. Kennedi heyranı olan Fergüson keçmiş prezidentin ölümündən sonra hazırlanan məhkəmə-tibb ekspertizası rəyini yatağının baş tərəfində saxladığını söyləyib.
Fergüson "Rangers"də oynayarkən komandaya daxil olmağa çalışan gənc Kenni Dalqlişi tez-tez maşınıyla aparırmış və bu sayədə onlar dost olublar. Daha sonra Dalqliş "Celtic"lə müqavilə imzalayınca bu dostluq rəqabətə çevrilib.
Aleks Fergüson keçmiş baş nazir Toni Bleyrə liderliklə bağlı müşavirlik də edib. Bleyrin seçki kampaniyası dövründə isə onun müşaviri Alastery Kempbellə seçki avtobusuna lider üçün bir masajçı gətirməsini tövsiyə edib. Daha sonra bunun ifrata varmaq olduğunu qəbul edən Fergüsonun Bleyrə verdiyi ən mühüm tövsiyə isə bu olub: "Bütün mühüm adamlarını eyni anda bir otaqda saxlaya bilirsənsə, demək hər şey yolundadır".
Aleks Fersüson 26,5 il bir komandanın baş məşqçisi olub. Avropada eyni komandada ən çox qalan isə o deyil, Fransa komandası "Auxerre"nin baş məşqçisi Qay Ruks olub. Ruks 45 ildən sonra vəzifədən uzaqlaşıb.
Fergüson yoxsul bir səmtdə böyüyüb. Özünün dediyinə görə, böyüdüyü yerdə futbol oynamaq, dalaşmaq və yüksək divarlardan tullanmaqdan başqa görülə biləcək iş olmayıb: "Ən yüksək və təhlükəli divarların adları vardı. Kral, kraliça, intihar, almaz, nizə.... Müxtəlif yerlərə gedib kimin hansı divardan tullana biləcəyinə dair bəhsə girərdik".
79 saniyəlik "Fergi müddəti" rəqiblər arasında bir inanca çevrilib. Əgər bir maçın 90-cı dəqiqəsində "Mançester Yunayted" məğlubdursa, topun oyunda olmadığı müddətin normaldan daha uzun hesablandığı düşünülür. Beləliklə, "Mançester"in bərabərliyi və ya qələbəni əldə etməsinə imkan verildiyinə inanılır. BBC-nin bu haqda apardığı bir araşdırma uzatmaların digər komandaların da lehinə olduğunu, amma "Mançester"in digər komandalardan daha çox uzatma qazandığını ortaya qoyub. "Mançester"in qələbə qazandığı matçlardan çox məğlub olduğu matçlarda oyun normadan 79 saniyə və daha çox uzadılıb.
Futbol dünyasında bir çox insan Fergüsona "Sir Alec" deyir. Şotlandiyalı olduğu üçün bəziləri onun adının bu şəkildə tələffüz edildiyini düşünür. Birlikdə çalışdığı şəxslər və dostları da "sir Alec" ilə "sir Alex" arasında qalmış vəziyyətdədirlər. O isə bundan şikayətçi deyil.
Fergüsonun qəzəbinə məruz qalmağın nə demək olduğunu ən yaxşı futbolçuları bilir. Oyunçular onun qəzəbini "üzünü üzünüzə yapışdırır və qorxunc bir gurultuyla bir sıra hərəkəti arxa-arxaya sayır" deyirlər. Bu bağırtısı və söyüşləri səbəbilə də komandanın keçmiş oyunçusu Le Şarp Fergüsona "saç qurutma makinası" adını qoyub. Bekhem isə bu makinadan uzaq durmaq üçün yaxşı oynadıqlarını söyləyib.
Aleks Fergüson Çeşirdə bir malikanədə yaşayır. Malikanəyə atasının işlədiyi gəmi tərsanəsinin adını qoyub - "Feyrfeld".
Qaynar.info