"Sadə fermerə güzəştli kredit verilmir. Güzəştli kreditlər o adamlara verilir ki, ya bu adamın hökumət orqanlarında dayağı olmalıdır, ya da hökumətin yaratdığı fermerlərin nümayəndəsi olmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli rayonlarda yaşayan sahibkarların kreditlərə çıxış imkanlarının məhdudluğundan danışarkən deyib.
Ekspertin sözlərinə görə, yalnız bu halda fermerlərin güzəştli kredit çıxışlarına əli çatır. Ekspert əhalinin kredit əlçatanlığını rayonlara və Bakıya bölməyin əlehinə olduğunu qeyd edib:
"Çünki kreditlər ümumi qaydalarla verilir. Bu qaydalarda da faiz dərəcələri yüksəkdir. Faiz dərəcələrinin yüksək olması Bakı şəhərində iqtisadi fəaliyyətlə məşğul olan, daha çox gəlir gətirən sahələr olduğuna görə, kreditləri paytaxt və onun ətrafında fəaliyyət göstərən sahibkarlar daha rahatlıqıa götürə bilirlər. Məsələn, 15% krediti regionlarda istifadə edib normal qazanc əldə edərək krediti qaytarmaq çox çətin məsələdir. Çünki rayonlarda iqtisadi fəaliyyət minimum səviyyədədir”.
Ekspert bildirib ki, kreditləri verərkən əslində onun təyinatına diqqət edilməlidir:
"Fermerlər var ki, kommersiya krediti götürüb heyvandarlıqla məşğul olur. Bu çox cüzi qazanc əldə edir ya da ümumiyyətlə, kreditə işləyir. Ümid bəsləyir ki, hansısa şans ola bilər və o da qazana bilər. Amma biz əslində bu cür fermerlərin güzəştli kreditlərə çıxış imkanlarını genişləndirməliyik”.
Akif Nəsirli əlavə edib ki, bölgələrdə yaşayan əhalinin 80-90%-i kənd təsərrüfatı ilə məşğuldur:
"Pis, yaxud yaxşı özünün kənd təsərrüfatı ilə məşğul olmaqla dolandırır. Biz rayonlarda yaşayıb kənd təsərrüfatı ilə məşğul olan əhalinin güzəştli kreditlərə çıxış imkanlarını genişləndirsək o zaman bu vəziyyət dəyişər və regionların payı artar. Biz region sahibkarı ilə Bakı meqapolisində fəaliyyət göstərən sahibkarın imkanlarını eyniləşdirməməliyik, onların arasında fərq qoyulmalıdır”.
Ekspertin fikirincə, bu gün Azərbaycanda iqtisadiyyatın bir disbalansı yaşanır:
"Azərbaycan iqtisadiyyatı raxit uşaqlara oxşayır. Baş böyüyür, bədən cılız qalır. Bakı meqapolisini və Sumqayıtı Azərbaycanın başı kimi qəbul eləsək digər əraziləri isə bədən kimi o raxit uşağa bənzəyir. İqtisadiyyatın 90%-i Bakı və Sumqayıt meqapolsində toplaşıb, dövət düdcəsinin 95%-i Bakı və Sumqayıt meqapolisində formalaşır, ixracatın 90%-i Bakı və Sumqayıt meqapolisndə formalaşır. Dövlət büdcəsinin 10%-i 12 iqtisadi rayon verir, ixracatın isə 5%-i digər 12 rayon verir. Bu böyük disbalansdır. Bu fonda da mövcud kredit potfelinin ölkə üzrə yayılmasının buna uyğun performans göstərməsi təbiidir”.
Qeyd edək ki, Mərkəzi Bankın iyulun 31-nə olan məlumatına görə, Azərbaycanda kredit portfelinin həcmi 21 milyard 372 milyon manat olub. Ümumi kredit portfelinin 16 milyard 336 milyon manatı Bakıda qeydə alınıb.
Bahar Rüstəmli