Ölkə 14:31 17.07.2022

FHN: Kürdə həlak olan polisin meyiti tapılaraq təhvil verilib (YENİLƏNİB)

FHN Kür çayında həlak olan polislə bağlı məlumat yayıb
Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində batan 1997-ci il təvəllüdlü Məmmədov Kamran Azər oğlunun axtarışları başa çatıb.

Bu barədə Qaynarinfo FHN-ə istinadən xəbər verir.

K.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.​
 
13.24
 
"Fiat" markalı xidməti avtomobilin çaya düşməsi nəticəsində boğulan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Kamran Məmmədovun meyiti tapılıb.

DİN-in Mətbuat Xidmətindən Qaynarinfo-ya bildirilib ki, meyit aidiyyəti üzrə təhvil verilib.

12.06
 
Yevlaxda polislərin olduğu avtomobil Kür çayına düşüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qaynarinfo-ya bildirilib ki, bu gün səhər 06:30 radələrində içərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan "Fiat" markalı xidməti avtomobil Kür çayına aşıb.

Hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub. Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən də açıqlama verilib. Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Yevlax şəhəri ərazisində içərisində 1 nəfərin olduğu "Fiat" markalı minik avtomobilinin Kür çayına düşməsi barədə məlumat daxil olub. 

Hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.