Dünya 14:46 10.06.2023

FHN meşə yanğınını vaxtında söndürə bilmədi, Tokayev naziri dəyişdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Sırım Şaripxanovu fövqəladə hallar naziri təyin edib. 

Qaynarinfo prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki,  yeni nazir indiyədək Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Akademiyasının rəisi olub.

Sırım Şaripxanov bu gün Tokayevin sərəncamı ilə tutduğu vəzifədən azad edilmiş fövqəladə hallar naziri Yuri İlini əvəz edib. O, bu vəzifəni 2020-ci ilin sentyabrından tuturdu. Nazirin işdən çıxarılmasının səbəbləri açıqlanmayıb.

Yuri İlinin işdən çıxarılması Qazaxıstanın şərqində, Abay bölgəsində baş verən meşə yanğını fonunda baş verib. İyunun 8-də baş vermiş yanğını yanğınsöndürənlər tez bir zamanda söndürə bilməyiblər, çünki ərazi nəqliyyat vasitələri üçün keçilməzdir. Yanğın sahəsi 60 min hektara qədər artıb.

Nəticədə 3 meşə təsərrüfatı işçisi həlak olub, daha 11 əməkdaşın axtarışları davam edir. Yanğınsöndürmə işlərinə Yuri İliin rəhbərlik edirdi.

Aydın