Ölkə 23:57 29.09.2022

FHN: “Spring” hoteldəki yanğında 50 nəfər təxliyə edildi (VİDEO/ YENİLƏNİB )

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Binəqədi rayonunun Novxanı qəsəbəsində yerləşən "Spring” otelində yanğın baş verməsi barədə məlumat daxil olub.

Qaynarinfo xəbər verir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub.

Həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər, o cümlədən yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində otel binasına bitişik yardımçı tikilidə baş vermiş yanğın genişlənməsinə, habelə otel binasına keçməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 25kv.m olan sauna otağının yanar konstruksiyaları yanıb, yüksək temperaturdan hovuz bölməsinin alüminium materialından ibarət tavanı 60kv.m sahədə əriyib. Yanğın zamanı tikilinin 2-ci mərtəbəsində yerləşən banket zalından 50 nəfər vətəndaş FHN əməkdaşları tərəfindən təxliyə olunub.

Ümumi sahəsi 4200kv.m olan 4 mərtəbədən ibarət yardımçı tikilinin böyük hissəsi və otel binası yanğından mühafizə olunub.
 
 ****
 
Abşeron rayonunun Novxanı kəndində yerləşən hoteldə yanğın başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.